Balakənin dağlıq ərazisində qədim məbəd qeydə alınlb
İyl 28, 2026 | 04:00
İyl 28, 2026 | 04:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin əməkdaşları, t.ü.f.d. Akif Məmmədli və f.ü.f.d. Ələddin Sultanov tərəfindən Balakən rayonunun Salban kəndinin Kilsə taxta adlanan dağlıq ərazisində bu günədək elmə məlum olmayan qədim alban məbədi qeydə alınıb.
Tədqiqatçılar bildiriblər ki, şərti olaraq "Salban məbədi" adlandırdıqları bu tikili memarlıq xüsusiyyətləri və ölçüləri ilə diqqət çəkir. İlkin ölçmələrə əsasən məbəd qalıqlarının uzunluğu 12 metr, hündürlüyü 5 metr, eni isə 5,40 metrdir. Tikilinin divarlarının qalınlığı 80 santimetr, giriş qapısının eni 1 metr təşkil edir.
İlkin araşdırmalara əsasən, abidə bölgənin qədim tarixi və dini-mədəni irsinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır. Alimlər məbədin dövrünün, təyinatının və memarlıq xüsusiyyətlərinin dəqiqləşdirilməsi məqsədilə tədqiqatların davam etdiriləcəyini bildiriblər.








