Şəkidə "Müxtəlifliklərə hörmət və qarşılıqlı anlayış mədəniyyətinin təşviqi" mövzusunda elmi seminar keçirilib
İyl 24, 2026 | 03:00
İyl 24, 2026 | 03:00
24 iyul 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala Regional Bölməsinin, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz rayonları üzrə nümayəndəliyinin, Şəki şəhəri üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Şəki REM-də "Müxtəlifliklərə hörmət və qarşılıqlı anlayış mədəniyyətinin təşviqi" mövzusunda elmi seminar keçirilib.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala Regional Bölməsinin nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə nümayəndələri, Şəki şəhəri üzrə Gənclər və İdman Sektorunun əməkdaşları, eləcə də Şəki REM-in alim və mütəxəssisləri iştirak ediblər.
Seminarın keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərin təbliği, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması, eləcə də bu dəyərlərin gənc nəslə aşılanması olub.
Tədbiri açan Şəki REM-in direktoru, fil.e.d., dosent Kamil Adışirinov qonaqları salamlayıb, Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı tolerantlıq və multikulturalizm ənənələrinin milli-mənəvi dəyərlər sistemində mühüm yer tutduğunu vurğulayıb. O, İslami dəyərlərin, müxtəlif din və mədəniyyətlərə hörmət prinsipinin Azərbaycan ədəbiyyatında, fəlsəfi və ictimai-siyasi fikir tarixində də öz əksini tapdığını bildirib.
Direktor çıxışında böyük Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin "Yeddi Gözəl" və "İsgəndərnamə" poemalarında bəşəri dəyərlərin və ədalət ideyalarının təbliğ olunduğunu qeyd edib. O, Məhəmməd Şəbüstəri, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Mirzə Fətəli Axundzadə, Səməd Vurğun kimi görkəmli şəxsiyyətlərin yaradıcılığında da insanpərvərliyin, mənəvi kamilliyin və dini-mədəni müxtəlifliyə hörmətin ön plana çəkildiyini diqqətə çatdırıb.
Kamil Adışirinov vurğulayıb ki, müasir Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən biridir. O, Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Prezidentin dini dəyərlərin qorunması, dini icmalar arasında həmrəyliyin möhkəmləndirilməsi və tolerantlıq mühitinin inkişafına dair sərəncam və təşəbbüslərinin ölkədə qarşılıqlı hörmət mühitinin daha da güclənməsinə xidmət etdiyini qeyd edib.
Seminarda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgə qazisi Kamran Məmmədov Azərbaycan xalqının tarix boyu milli-mənəvi dəyərlərinə, dini tolerantlıq ənənələrinə və vətənpərvərlik ruhuna sadiq olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan xalqı əcdadlarından miras qalan mənəvi dəyərlərə sadiq, vətənpərvər və humanist bir xalqdır.
Natiq Şəki Regional Elmi Mərkəzdə Şəkinin bir sıra din xadimlərinin dünyəvi elmlərə dərindən bələd olmaları istiqamətində aparılan tədqiqatların bu həqiqətləri bir daha təsdiqlədiyini bildirib. Qeyd edib ki, din xadimləri təkcə dini biliklərin daşıyıcıları deyil, həm də cəmiyyətin maariflənməsinə töhfə verən mütəfəkkirlər olublar.
Çıxışında Ümummilli Lider Heydər Əliyevin ölkədə dini-mənəvi dəyərlərin qorunması və bütün dini konfessiyalara bərabər münasibətin formalaşdırılması istiqamətində gördüyü işlərdən bəhs edən Kamran Məmmədov bu siyasətin bu gün də uğurla davam etdirildiyinə diqqət çəkib. O vurğulayıb ki, Azərbaycanda bu gün də müxtəlif dinlərin və xalqların nümayəndələri qarşılıqlı hörmət və etimad şəraitində yaşayır, ölkəmiz dünyada multikulturalizm və tolerantlıq modeli kimi tanınır.
Seminarda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala Regional Bölməsinin aparıcı məsləhətçisi Saleh Məmmədov Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin dərin tarixi köklərə malik olduğunu söyləyib. Bildirib ki, bu ənənələr hələ Qafqaz Albaniyası dövründən formalaşmağa başlayıb və sonrakı tarixi mərhələlərdə də qorunub saxlanılıb.
Məruzəçi bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələrinə, o cümlədən polyak, rus və erməni icmalarına münasibətdə bərabərlik prinsipi qorunub, onların ictimai-siyasi həyatda təmsilçiliyinə şərait yaradılıb. O, bu faktın Azərbaycanın tarixən müxtəlif xalqlara və dinlərə hörmətlə yanaşdığını göstərən mühüm nümunələrdən olduğunu əminliklə ifadə edib.
Saleh Məmmədov çıxışında Azərbaycan Respublikasının Dövlət Bayrağı üzərindəki üç rəngin ifadə etdiyi dəyərlərdən bəhs edərək bildirib ki, türkçülük, müasirlik və islam həmrəyliyi ideyaları cəmiyyətimizin mənəvi əsaslarını təşkil edir. O, xüsusilə qadının cəmiyyətdəki roluna toxunaraq qeyd edib ki, həm İslam dini, həm də milli-mənəvi dəyərlər qadına yüksək hörmət və ehtiramı təbliğ edir. Natiq İslamda qadının yüksək məqamının xüsusi vurğulandığını, türk düşüncəsində isə "Ana haqqı Tanrı haqqıdır" anlayışının mühüm yer tutduğunu diqqətə çatdırıb. Əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara seçki hüququ verməsi ölkədə qadın hüquqlarına verilən dəyərin tarixi nümunəsidir və bu gün də qadınlar elm, təhsil, dövlət idarəçiliyi, idman və digər sahələrdə mühüm uğurlara imza atırlar.
Saleh Məmmədov çıxış zamanı Azərbaycanda fəaliyyət göstərən multikulturalizm mərkəzlərinin müxtəlif mədəniyyətlər arasında dialoqun inkişafına mühüm töhfə verdiyini də diqqətə çatdırıb. O, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin tolerantlıq və multikulturalizm modelinin beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirdiyi layihələrin Azərbaycanın nüfuzunun artmasına mühüm töhfə verdiyini vurğulayıb.
Natiq çıxışında Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsini, ölkəmizdə həm Avropa Oyunlarının, həm də İslam Həmrəyliyi Oyunlarının keçirilməsini multikultural dəyərlərin, dinlərarası dialoqun və qarşılıqlı əməkdaşlıq ənənələrinin yüksək səviyyədə inkişaf etdiyini təsdiqləyən mühüm fakt kimi qiymətləndirib.
Saleh Məmmədov həmçinin Vətən müharibəsi zamanı Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrinin ölkənin ərazi bütövlüyü uğrunda birlik nümayiş etdirdiyini qeyd edib və bunun Azərbaycan cəmiyyətində həmrəyliyin və milli birliyin bariz nümunəsi olduğunu bildirib.
Natiq Qəbələ rayonunun Nic qəsəbəsini ölkədə dini tolerantlığın uğurlu nümunələrindən biri kimi göstərərək, burada udi icmasının öz dini-mədəni irsini qoruduğunu, müxtəlif dini ibadət məkanlarının qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Çıxışının sonunda Saleh Məmmədov qeyd edib ki, cəmiyyətin hər bir üzvü üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirdiyi təqdirdə, ölkəmizdə sabitliyin, inkişafın və qarşılıqlı hörmət mühitinin daha da möhkəmlənməsi təmin olunacaq.
Seminarda çıxış edən Şəki şəhəri üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Səbahət Bağırova gənclərin mənəvi və fiziki sağlamlığının qorunmasının dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. Qeyd edib ki, sağlam düşüncəli, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər gənclərin yetişdirilməsi cəmiyyətin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Səbahət Bağırova gənclər arasında vətənə məhəbbət, milli kimlik, tolerantlıq və qarşılıqlı hörmət kimi dəyərlərin təbliği istiqamətində ardıcıl maarifləndirici tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. Bildirib ki, bu istiqamətdə təşkil olunan elmi seminarlar, görüşlər və digər maarifləndirici layihələr gənclərin sağlam dünyagörüşünün formalaşmasına, milli-mənəvi dəyərlərə bağlılığının güclənməsinə və cəmiyyətə faydalı vətəndaş kimi yetişməsinə mühüm töhfə verir.
Seminarda Şəki Regional Elmi Mərkəzin əməkdaşı Yusif Rəhimov çıxış edərək belə maarifləndirici tədbirin təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirib. O, tədbirin cəmiyyətdə tolerantlıq, qarşılıqlı hörmət və milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Yusif Rəhimov qeyd edib ki, müxtəlif dövlət qurumları, elm və din nümayəndələrinin iştirakı ilə keçirilən bu cür seminarlar cəmiyyətin maariflənməsinə, gənc nəslin sağlam dünyagörüşünün formalaşmasına, eləcə də dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verir. O, gələcəkdə də bu mövzuda tədbirlərin davamlı keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirin sonunda Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgə qazisi Kamran Məmmədova AMEA-nın Şəki Regional Elmi Mərkəzi ilə səmərəli əməkdaşlığına və birgə elmi-maarifləndirici fəaliyyətə verdiyi töhfəyə görə Təşəkkürnamə təqdim olunub.








