Şəki Regional Elmi Mərkəzdə Silahlı Qüvvvələr Günü qeyd edilib
İyn 25, 2026 | 02:15
25 iyun 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib. Tədbiri açan Şəki REM-in direktoru, fil.e.d., dos. Kamil Adışirinov çıxış edərək iştirakçıları salamlayıb və tədbirin əhəmiyyətindən bəhs edib. O, Azərbaycan Respublikasının müasir dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda dövlət quruculuğu proseslərinin möhkəm təməl üzərində qurulduğunu, ordu quruculuğu və milli təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edib və sözü Tarix və epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Rahim Həsənova verib.
Rahim Həsənov Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun formalaşdırılması prosesindən geniş şəkildə bəhs edib. O, 1918–1920-ci illərdə hökumətinin ordu quruculuğu sahəsində həyata keçirdiyi mühüm tədbirləri, milli hərbi hissələrin yaradılması, könüllü dəstələrin nizami orduya çevrilməsi və peşəkar hərbi kadrların hazırlanması istiqamətində atılan addımları diqqətə çatdırıb.
Bildirib ki, qısa müddət mövcud olmasına baxmayaraq, AXC dövründə milli ordu quruculuğu sahəsində mühüm təməl prinsiplər formalaşdırılmış, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Rahim Həsənov qeyd edib ki, həmin dövrdə yaradılan hərbi struktur və idarəetmə təcrübəsi sonrakı illərdə Azərbaycanın dövlətçilik və hərbi sisteminin inkişafına zəmin yaratmışdır.
O, həmçinin müasir Azərbaycan Ordusunun güclənməsinin məhz həmin tarixi əsasların davamı kimi qiymətləndirilə biləcəyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin regionun ən güclü ordularından birinə çevrilməsi, ordu quruculuğu sahəsində Ümummilli Lider Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsidir.
Sonra Tarix və epiqrafika şöbəsinin elmi işçisi Elçin Vəliyev müasir Azərbaycan Respublikasında ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü islahatlardan bəhs edib. O, müstəqillik illərində Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, peşəkar hərbi kadr hazırlığının təkmilləşdirilməsi və ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb.
O, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyən etdiyi strateji xəttin bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan tərəfindən uğurla davam etdirildiyuni, bu siyasətin nəticəsi olaraq Azərbaycan Ordusunun regionun ən güclü ordularından birinə çevrildiyini Vətən müharibəsində əldə edilən tarixi Zəfərin isə bu gücün və peşəkarlığın bariz nümunəsi olduğunu nəzərə çardırıb.
Elçin Vəliyev həmçinin bildirib ki, müasir ordu quruculuğu təkcə hərbi potensialın artırılması ilə məhdudlaşmır, eyni zamanda vətənpərvərlik ruhunun yüksəldilməsi, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.