Dosent Qüdürət Bəkirov 65 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif olunub
İyn 16, 2026 | 01:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzində Tut ipəkqurdunun seleksiyası şöbəsinin müdiri, bio.ü.f.d.dosent Qüdürət Bəkirovun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Şəki Regional Elmi Mərkəzin direktoru, fil.e.d., dosent Kamil Adışirinov çıxış edərək Qüdürət Bəkirovun elmi-tədqiqat sahəsindəki xidmətlərini yüksək qiymətləndirib. Yubilyar səmərəli elmi fəaliyyəti və 65 illik yubileyi münasibətilə Şəki Regional Elmi Mərkəzinin Fəxri Fərmanı ilə təltif olunub.
Tədbirdə çıxış edənlər yubilyarın uzun illər ərzində elmi fəaliyyət sahəsində qazandığı uğurlardan, peşəkarlığından və elmə verdiyi töhfələrdən bəhs ediblər. Qeyd olunub ki, Qüdürət Bəkirov öz məsuliyyətli fəaliyyəti, zəngin elmi təcrübəsi və yüksək insani keyfiyyətləri ilə həmkarları arasında böyük hörmət qazanıb.
Qüdürət Bəkirov göstərilən diqqət və yüksək qiymətə görə mərkəzin rəhbərliyinə və kollektivə təşəkkürünü bildirib, bundan sonra da elmi fəaliyyətini eyni məsuliyyət və əzmlə davam etdirəcəyini vurğulayıb.
Sonda yubilyara xoş arzular çatdırılıb, xatirə şəkilləri çəkdirilib.
Qüdürət Bəkirovu 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, sağlıqlı və uzun ömür arzulayır və gələcək fəaliyyətində uğurlar diləyirik.