Şəki Regional Elmi Mərkəzdə Milli Qurtuluş Günü qeyd olunub
İyn 12, 2026 | 12:55
12 iyun 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Şəki Regional Elmi Mərkəzin direktoru, fil.e.d., dosent Kamil Adışirinov açaraq Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. O bildirib ki, 1993-cü ilin iyununda xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəni dərin siyasi və iqtisadi böhrandan xilas edib, müstəqil Azərbaycanın inkişafı üçün möhkəm təməl yaradıb.
Dosent qeyd edib ki, Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik strategiyası nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olunub, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb. Bildirilib ki, bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz hərtərəfli inkişaf yolunda inamla irəliləyir.
Direktor Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu diqqətə çatdıraraq, bu tarixi günün gənc nəslə düzgün şəkildə çatdırılmasının vacibliyini vurğulayıb, sözü Tarix və epiqrafika şöbəsinin elmi işçisi Elçin Vəliyevə verib.
Elçin Vəliyev “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətin Azərbaycanın müstəqilliyini ciddi təhlükə qarşısında qoyduğunu, belə tarixi məqamda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının dövlətçiliyin qorunmasını təmin etdiyini, ölkədə sabitliyin və qanunun aliliyinin bərqərar olmasına şərait yaradıldığını qeyd edib.
Məruzəçi vurğulayıb ki, Milli Qurtuluş Günü yalnız bir siyasi hadisə deyil, həm də Azərbaycan xalqının gələcək inkişaf yolunu müəyyənləşdirən taleyüklü dönüş nöqtəsidir. Nəzərə çatdırıb ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində dövlət quruculuğu prosesi sürətlənmiş, iqtisadi islahatlar həyata keçirilmiş və Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmişdir. O, bu gün əldə olunan uğurların təməlində məhz Milli Qurtuluşun yaratdığı siyasi sabitlik və güclü dövlətçilik ənənələrinin dayandığını bildirib.
Tədbirdə Şəki REM-in ümumi işlər üzrə direktor müavini Rəhim Abdurahmanov, Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov çıxış edərək Milli Qurtuluş Gününün xalqın milli birlik və həmrəyliyinin təntənəsi olduğunu bildiriblər. Həmçinin bu tarixi hadisənin Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin əsasını qoyduğu, ölkənin beynəlxalq nüfuzunun yüksəlməsinə və milli maraqlarının etibarlı şəkildə qorunmasına mühüm töhfə verdiyi qeyd olunub.
Tədbirin sonunda Tarix və epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov və şöbənin elmi işçisi Elçin Vəliyev AMEA-nın Şəki Regional Elmi Mərkəzində səmərəli elmi fəaliyyətlərinə görə Mərkəzin direktoru Kamil Adışirinov tərəfindən Fəxri Fərmanla təltif olunublar.