Fev 27, 2026 | 11:04
Son günlər Azərbaycan Milli Elmlər Akademiyasının iclasından yayılan görüntülər sosial mediada müzakirə obyektinə çevrilib. Amma bir insanın ömrünü, onilliklərlə gördüyü işləri bir anlıq kadrla ölçmək nə dərəcədə ədalətlidir?
Sosial mediada kontekstdən qoparılmış qısa fraqmentlər tez bir zamanda emosional reaksiya doğurur. Halbuki bir alimın illərlə gördüyü iş, yazdığı əsərlər, yetişdirdiyi tələbələr bir neçə saniyəlik görüntüdən qat-qat daha ağır və dəyərlidir.
Elmdə yaşlı nəsil alim-ağsaqqalların rolu xüsusilə böyükdür, onlar gənc tədqiqatçılara yol göstərən mənəvi körpüdür. Elm təcrübəli alimlərin müdrikliyi və gənc tədqiqatçıların enerjisi üzərində yüksəlir. Ömürlərini elmə fəda edənlərin qiyməti bilinməlidir, çünki biz hələ onlardan çox şey öyrənəcəyik. Belə xəbərlərin yayılması isə alimlərin səhhətinə, nüfuzuna xələl gətirir. Onların bir anlıq görüntüsündən istifadə edərək istehza yaratmaq nə etik normalara sığır, nə də ədalətlidir.
Bəli, iclas zamanı kiminsə bir anlıq mürgüləməsi estetik baxımdan xoş görünməyə bilər. Uzun iclaslar, saatlarla davam edən müzakirələr, yaş, sağlamlıq və yorğunluq amilləri insani hallardır. Elm adamları robot deyil. Unutmamalıyıq ki, elmi mühitdə çalışan insanların böyük əksəriyyəti uzun illərini tədqiqata, təhsilə, kitab yazmağa və elmin inkişafına həsr ediblər. Onların bir çoxu yaşlı nəsli təmsil edir. Bir anlıq diqqət itkisini ümumi peşəkarlığın göstəricisi kimi təqdim etmək obyektivlikdən uzaqdır.
Xatırlayıram, bir müddət əvvəl akademik İsa Həbibbəylinin başına çətir tutulması məsələsinin süni sensasiyaya çevrilməsi göstərdi ki, bəzən biz mahiyyətdən çox görüntüyə fokuslanırıq. Halbuki böyüyə hörmət, müəllimə qayğı bizim milli-mənəvi dəyərimizin ayrılmaz hissəsi, akademik İsa Həbibbəylinin başına çətir tutan o insan isə bu dəyərin bir parçasıdır.
Biz Azərbaycan Milli Elmlər Akademiyasının gördüyü işləri kənarda qoyub, yalnız adi insani halları müzakirə edəcək qədər zavallı deyilik. Akademiya təkcə alimlərin yığıldığı yer deyil, o, elmi dəyərlərin qorunub saxlandığı, bilik və ənənələrin gələcək nəsillərə ötürüldüyü məkandır.
Ömrünü elmə sərf etmiş insanları bir anın fraqmentinə görə kütləvi hücuma məruz qoymaq, məsxərə obyektinə çevirmək nə vicdana, nə də ziyalılıq anlayışına uyğun gəlir.
Elm səbr tələb edir, illərlə, bəzən onilliklərlə əldə olunan biliklər bir anlıq görüntü ilə kölgəyə salına bilməz. Əsas məsələ bir anlıq vəziyyət deyil, elmi fəaliyyətin cəmiyyətə verdiyi real töhfədir.
Unutmayaq ki, bu gün sosial şəbəkədə bir “paylaşım mövzusu” olan həmin şəxslərin ömrünün böyük hissəsi laboratoriyalarda, arxivlərdə, auditoriyalarda keçib. Bu faktı bir saniyəlik görüntü ilə kölgəyə salmaq doğru deyil.
Bəlkə doğurdan da bir az dayanıb düşünmək vaxtıdır.
Axı bir anlıq göz qapanması bir alimin ömürlük əməyini silə bilməz.
Hörmət, ədalət və konstruktiv yanaşma isə həm elmə, həm də cəmiyyətə daha çox fayda verər.








