"Hacı Çələbi Xan (elmi-tarixi araşdırma)" adlı monoqrafiya işıq üzü görüb
İyn 08, 2026 | 04:41
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Rahim Həsənovun Sabit Rəhmanın ev muzeyinin baş fond mühafizi və tədqiqatçı Aydın Məmmədovla həmmüəllif olduqları "Hacı Çələbi Xan (elmi-tarixi araşdırma)" adlı monoqrafiya nəşr edilib.
Monoqrafiyada Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizə aparan, yadelli işğalçılara qarşı vuruşaraq Vətənin müdafiəsində mühüm rol oynayan və ölkə ərazisində ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın dövlətçilik fəaliyyəti araşdırılıb. Tədqiqatda Hacı Çələbi xanla bağlı indiyədək elmi dövriyyəyə daxil edilməmiş mənbələrdən istifadə olunub. Müəlliflər tərəfindən bu mənbələr əsasında ilk dəfə olaraq Hacı Çələbi xanın həyat və fəaliyyəti kompleks şəkildə işıqlandırılıb.
Qeyd edək ki, kitabın ön söz müəllifi millət vəkili Vüqar İsgəndərov, elmi redaktoru t.ü.f.d., dosent Rəşad Mustafa, rəyçiləri t.e.d., prof. Mehman Süleymanov, t.ü.f.d. Vüsal Baxışov olmuşlar.
Müəllifləri təbrik edir, monoqrafiyanın geniş oxucu auditoriyası qazanmasını və elmi dövriyyədə layiqli yer tutmasını arzulayırıq.