Şin çayında sel mənşəli gətirmə materiallarının həcmi artıb
May 13, 2026 | 03:00
May 13, 2026 | 03:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən 12 may 2026-cı il tarixində Şin çayı ərazisində monitorinq işləri aparılıb.
Araşdırmalar zamanı çayın Baş Göynük kəndi ərazisindən keçən hissəsində su səviyyəsinin dəyişmə dinamikası, kəndi ətraf yaşayış məntəqələri ilə birləşdirən körpünün dayaq hissələrində yerləşdirilmiş ölçü göstəriciləri, eləcə də çay yatağının geomorfoloji vəziyyəti qiymətləndirilib.
Ekoloji coğrafiya şöbəsinin müdiri, coğ. ü.f.d. Qafqaz Ağabalayevin verdiyi məlumata görə, son dövrlərdə müşahidə edilən intensiv yağıntılar səbəbindən çayda suyun səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, çay axını ilə daşınaraq yataqda toplanan gətirmə materiallarının, xüsusilə gətirmə konuslarının həcmi nəzərəçarpacaq dərəcədə çoxalıb.
O qeyd edib ki, monitorinq zamanı çayın sol sahilində 2023-cü ildə baş vermiş güclü sel hadisəsi nəticəsində formalaşmış iri həcmli gətirmə konuslarının əvvəlki vəziyyətini qoruyub saxladığı müəyyən olunub. Lakin çayın orta hissəsində və sağ sahilində yerləşən yataq sahələrində müəyyən morfodinamik dəyişikliklər qeydə alınıb.
Qafqaz Ağabalayev bildirib ki, həmin ərazilərdə intensiv yuyulma prosesləri davam edir və bəzi hissələrdə 2 metrdən artıq dərinlikdə yuyulma qeydə alınıb.
O, həmçinin körpünün dayaq hissələrində əvvəlcədən yerləşdirilmiş ölçü göstəricilərinin tamamilə gətirmə materialları altında qalaraq görünməz vəziyyətə düşdüyünün müşahidə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, bu hal çay yatağında toplanmış gətirmə konuslarının bəzi hissələrdə 2-3 metrdən artıq qalınlığa malik olduğunu göstərir.
Qafqaz Ağabalayev Şin çayında sel hadisələrinin dinamik xarakter daşıdığı nəzərə alınaraq, gələcək tədqiqatlar və çöl ekspedisiya işlərinin aparılması məqsədilə körpünün dayaq hissələrinə yenidən ölçü göstəricilərinin yerləşdirildiyini də qeyd edib.








