Şəki Regional Elmi Mərkəzdə Elm Gününə həsr olunmuş tədbir keçirilib
Apr 03, 2026 | 02:00
Şəki Regional Elmi Mərkəzdə Elm Gününə həsr olunmuş tədbir keçirilib
3 aprel 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində 27 mart – Elm Günü münasibətilə “Elm düşüncənin çırağıdır” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə mərkəzin əməkdaşları və alimlər müxtəlif mövzular üzrə məruzələrlə çıxış ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d., dos.Kamil Adışirinov 27 mart – Elm Gününün əhəmiyyətindən danışıb. O qeyd edib ki, Elm Günü Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən təsis olunub və ölkədə elmin inkişafına diqqətin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Dosent vurğulayıb ki, Azərbaycanda elmin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, belə tədbirlər alimlər arasında elmi müzakirələrin genişlənməsinə, yeni ideyaların formalaşmasına və təcrübə mübadiləsinə şərait yaradır.
O, həmçinin qeyd edib ki, xüsusilə gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması, onların təşəbbüslərinin dəstəklənməsi və elmi mühitdə fəallığının artırılması gələcək elmi potensialın formalaşmasında mühüm rol oynayır.
Kamil Adışirinov tədbirin işinə uğur diləyib və alimləri peşə bayramı münasibətilə təbrik edib.
Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Akif Məmmədli “XIX–XX əsrlərdə Balakənin elm-irfan nümayəndələri” mövzusunda çıxış edərək Azərbaycanın şimal-qərb bölgəsinin, xüsusilə Zaqatala–Balakən ərazisinin elmi-mədəni mühiti barədə məlumat verib.
Akif Məmmədli çıxışında “XIX–XX əsrlərdə Balakənin elm-irfan nümayəndələri” mövzusunu geniş şəkildə təqdim edərək Azərbaycanın şimal-qərb bölgəsinin zəngin elmi-mədəni irsindən bəhs edib.
O qeyd edib ki, Zaqatala–Balakən bölgəsi tarixən elm və mənəviyyat mərkəzlərindən biri olub. Əcnəbi səyyahların bu ərazi ilə bağlı qeydlərinə istinad edən məruzəçi bildirib ki, bölgə yalnız təbii gözəllikləri ilə deyil, həm də savadlı, ziyalı insanları ilə diqqət çəkib. Bildirib ki, səyyahların yazılarında yerli əhalinin elmə, kitaba və təhsilə xüsusi maraq göstərdiyi vurğulanır.
Akif Məmmədli Balakəndə mövcud olmuş kitab bağışlamaq ənənəsini xüsusi qeyd edərək bunun bölgədə elmin yayılmasına mühüm təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, ziyalılar dini və elmi kitabları mədrəsələrə və ya fərdi şəxslərə hədiyyə etməklə maarifçiliyin inkişafına töhfə veriblər. Bu ənənə nəticəsində bölgədə zəngin kitab mühiti formalaşıb.
Məruzədə ərəb əlifbasının Tala xətt növünə də toxunulub. Bildirilib ki, bu yazı üslubunun bölgədə yayılması burada yazı mədəniyyətinin inkişaf etdiyini və yerli alimlərin xəttatlıq sahəsində də müəyyən nailiyyətlər qazandığını göstərir ki, bu da öz növbəsində elmə və irfana verilən yüksək dəyərin göstəricisidir.
Akif Məmmədli Nəqşibəndi təriqətinin bölgədəki təsirindən də bəhs edib. O qeyd edib ki, bu təriqətə bağlı şəxslər həm dini, həm də dünyəvi elmlərin yayılmasında mühüm rol oynayıblar.
Akif Məmmədli həmçinin balakənli ziyalıların elmi fəaliyyətinə diqqət çəkərək bu cür əsərlərin bölgədə savad səviyyəsinin yüksək olmasına və elmi düşüncənin inkişaf etməsinə təsirini vurğulayıb, Balakənin zəngin elm və irfan ənənələrinin bu gün də öyrənilməli, tədqiq olunmalı və gələcək nəsillərə çatdırılmalı olduğunu bildirib.
Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Ələddin Sultanov “Azərbaycanın XX əsr ərəbşünas alimləri” mövzusunda çıxışında ərəb dilinin tarixi və əhəmiyyəti barədə danışıb.
O qeyd edib ki, ərəb dili əsrlər boyu yalnız ünsiyyət vasitəsi deyil, həm də elm, fəlsəfə və mədəniyyət dili kimi böyük rol oynayıb. Xüsusilə orta əsrlərdə Yaxın Şərq və Qafqaz regionunda elmi əsərlərin əksəriyyəti ərəb dilində qələmə alınıb və bu dil beynəlxalq elmi ünsiyyət vasitəsi kimi çıxış edib. Məruzəçi vurğulayıb ki, Azərbaycan alimləri də bu prosesdə fəal iştirak edərək ərəb dilində qiymətli əsərlər yaradıblar.
Məruzədə ərəb dili ilə ivrit dili arasında müqayisə aparılaraq onların hər ikisinin semit dillər ailəsinə aid olduğu, qrammatik quruluş və leksik xüsusiyyətlər baxımından oxşarlıqlar daşıdığı bildirilib. Bununla yanaşı, fonetik sistem, yazı qaydaları və bəzi sintaktik xüsusiyyətlər baxımından fərqli cəhətlər də diqqətə çatdırılıb.
Ələddin Sultanov Azərbaycanın müxtəlif dövrlərdə yetişdirdiyi ərəbşünas alimlər haqqında da ətraflı məlumat verib. O, orta əsrlərdə fəaliyyət göstərmiş Xətib Təbrizi, Səfiyəddin Urməvi, Gəmaləddin Məhəmməd əl-Ərdəbili, Məhəmməd b. Əhməd əl-Hüveyyi, Mahmud əl-Arrani, Məhəmməd əl-Təbrizi əl-Qarabaği və Əbu Məhəmməd əl-Vərəndi kimi alimlərin ərəb filologiyası və dilçilik sahəsində mühüm töhfələr verdiyini qeyd edib.
Çıxışda XX əsrdə Azərbaycanda ərəbşünaslığın inkişaf mərhələlərinə toxunaraq, bildirilib ki, sovet dövründə mövcud ideoloji məhdudiyyətlərə baxmayaraq, bu sahədə ciddi elmi məktəb formalaşıb.
Qeyd edib ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi Azərbaycanda ərəb dilinin tədrisi və inkişafında əsas mərkəzlərdən biri kimi çıxış edib. Bu fakültədə yetişən mütəxəssislər ölkədə ərəbşünaslıq məktəbinin formalaşmasında mühüm rol oynayıblar.
O, Professor Ələsgər Məmmədov, professor Malik Mahmudov, akademik Aida İmanquliyeva, akademik Vasif Məmmədəliyev, akademik Gövhər Baxşəliyeva, professor Çimnaz Mirzəzadə və başqaları kimi alimlərin fəaliyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, onların ərəb dili, ədəbiyyatı və tərcümə sahəsində apardıqları tədqiqatlar Azərbaycan şərqşünaslıq elminin inkişafına mühüm töhfə verib.
Çıxışının sonunda Ələddin Sultanov ərəb dilinin bu gün də aktual olduğunu bildirərək onun beynəlxalq əlaqələr, elm və mədəniyyət sahəsində öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.
Ədəbi-mədəni mühit və folklor şöbəsinin müdiri, fil.ü.f.d. İradə Yusifova çıxışında “Şəki REM-in Ədəbi-mədəni mühit və folklor şöbəsinin elmi nəşrləri” mövzusunu ətraflı şəkildə təqdim edərək şöbənin uzun illər ərzində gördüyü elmi-tədqiqat işlərindən və nəşr fəaliyyətindən bəhs edib.
O bildirib ki, şöbə fəaliyyət göstərdiyi dövr ərzində Şəki və ətraf bölgələrin zəngin folklor irsinin toplanması, sistemləşdirilməsi və nəşri istiqamətində mühüm işlər həyata keçirib. Bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində həm regionun, həm də ümumilikdə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının təmin olunduğunu söyləyib.
İradə Yusifova qeyd edib ki, nəşr olunan əsərlər yalnız folklor nümunələrinin toplusu deyil, eyni zamanda elmi-tədqiqat xarakteri daşıyaraq dil, etnoqrafiya, tarix və ədəbiyyat sahələrində də mühüm mənbə rolunu oynayır. O, “Şəki folkloru antologiyası”, “Ulularımızdan qalma öyüd-nəsihət və xeyir-dualar”, “Əcdadlarımızın tibbi bilikləri deyimlərimizdə” kimi topluların xalq müdrikliyinin, adət-ənənələrin və qədim biliklərin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Məruzədə iki cildlik “Şəkidə məhəllə adları, soylar və ləqəblər” kitabının xüsusi yeri qeyd olunub. Bildirilib ki, bu nəşr şəhərin sosial-struktur xüsusiyyətlərini, soy-kök sistemini və yerli adlandırma ənənələrini əks etdirən dəyərli mənbədir. Eyni zamanda “Qədim türk-Oğuz yurdu Oxud” və “Göynük mahalı: ictimai-siyasi, mədəni-tarixi və folkloru” kimi əsərlərin regionun tarixi və etnik köklərinin araşdırılması baxımından əhəmiyyətli olduğu diqqətə çatdırılıb.
İradə Yusifova həmçinin ədəbiyyat və ədəbi mühitlə bağlı nəşrlərdən də bəhs edərək “XX əsr Şəki ədəbi-mədəni mühiti”, “İsmayıl bəy Nakam: həyatı və bədii yaradıcılığı”, “Yaqub Mahirin poetik irsi”, “Şəki ədəbi mühitində Sabir satira ənənələri” kimi kitabların bölgənin ədəbi həyatının öyrənilməsinə mühüm töhfə verdiyini bildirib.
O vurğulayıb ki, şöbə yalnız yerli folklorla kifayətlənməyərək daha geniş coğrafiyanı da əhatə edən tədqiqatlar aparıb. Bu baxımdan “Azərbaycan və Şimali Amerika hindu folkloru” kimi nəşr müxtəlif xalqların folklorunun müqayisəli şəkildə öyrənilməsi istiqamətində atılmış əhəmiyyətli addımlardır.
İradə Yusifova çıxışında şöbənin son dövrlərdə həyata keçirdiyi nəşr fəaliyyəti sırasında yeni işlərin də mühüm yer tutduğunu nəzərə çatdırıb. Bildirilib ki, “Şəki gülüşü və Qabrova yumoru” adlı kitab son ildə nəşr olunaraq oxuculara təqdim edilib və bu nəşr Şəki bölgəsinə məxsus yumor və gülüş ənənələrinin, eləcə də Qabrovo ilə bağlı satirik və folklor elementlərinin müqayisəli şəkildə araşdırılmasını əhatə edir. Məruzəçi kitabda xalq gülüş mədəniyyətinin formalaşması, onun sosial və mədəni funksiyaları, həmçinin müxtəlif xalqlar arasında oxşar və fərqli cəhətlərin elmi əsaslarla təqdim olunduğunu diqqətə çatdırıb.
İradə Yusifova şöbənin gələcək fəaliyyət istiqamətlərindən danışaraq folklor materiallarının toplanması, rəqəmsallaşdırılması və beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb.
Azərbaycanda elmi potensialın gücləndirilməsində gənclər və dövlət siyasəti mövzusunda çıxış dinlənilib
Şəki REM-in Gənc alim və mütəxəssislər şurasının sədri Elvin Rüstəmov "Azərbaycanda elmi potensialın gücləndirilməsində gənclər və dövlət siyasəti” mövzusunda məruzə təqdim edib.
Bildirilib ki, müasir dövrdə elmin inkişafı birbaşa gənc alimlərin fəallığı, onların elmi-tədqiqatlara cəlb olunması və yaradılan şəraitlə sıx bağlıdır. Qeyd edib ki, Azərbaycanda son illər gənclərin elmə marağının artırılması istiqamətində mühüm addımlar atılır, onların beynəlxalq elmi mühitə inteqrasiyası üçün geniş imkanlar yaradılır.
Məruzə zamanı vurğulanıb ki, dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində gənc tədqiqatçılar üçün müxtəlif qrant proqramları, təqaüdlər və elmi layihələrə qoşulmaq imkanları təmin olunur ki, bu da ölkədə elmi potensialın gücləndirilməsinə və innovativ ideyaların inkişafına şərait yaradır.
Elvin Rüstəmov bildirib ki, ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarında gənc alimlərin fəaliyyətinin dəstəklənməsi, onların müasir texnologiyalara çıxışının təmin edilməsi və xaricdə təhsil imkanlarının genişləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən və Azərbaycanın gələcək elmi inkişafının əsas təminatlarından biridir.