Şəkidə “31 Mart soyqırımı”na həsr olunmuş seminar keçirilib
Mart 01, 2026 | 04:00
Mart 01, 2026 | 04:00
31 mart 2026-cı il tarixində Şəki Regional Elmi Mərkəzdə 31 Mart soyqırımı mövzusuna həsr olunmuş "Tarixə şahidlik edən 31 Mart soyqırımı" adlı seminar təşkil edilib.
Seminarı giriş sözü ilə açan Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.ü. f. d., dos. Kamil Adışirinov tədbirin əhəmiyyətindən geniş bəhs edib. O vurğulayıb ki, 31 Mart hadisələri Azərbaycan xalqının yaddaşına silinməz faciə kimi həkk olunub və bu hadisələrin dərindən öyrənilməsi, gələcək nəsillərə düzgün çatdırılması mühüm vəzifələrdən biridir.
Kamil Adışirinov qeyd edib ki, 1918-ci ildə baş verən qırğınlar təkcə hərbi-siyasi proseslərin nəticəsi deyil, eyni zamanda müəyyən ideoloji və etnik zəmində formalaşmış planlı zorakılıq siyasətinin tərkib hissəsi olub. Onun sözlərinə görə, bu hadisələrin araşdırılması zamanı arxiv sənədlərinə, beynəlxalq mənbələrə və dövrün şahidlərinin ifadələrinə istinad edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Direktor müavini çıxışında həmçinin bildirib ki, tarixə obyektiv yanaşma, faktlara əsaslanan tədqiqatlar və elmi yanaşma bu kimi faciələrin düzgün qiymətləndirilməsi üçün əsas şərtdir. O, xüsusilə gənc nəslin tarix biliklərinin artırılmasının vacibliyini qeyd edərək, belə seminarların maarifləndirici rolunu önə çəkib.
Kamil Adışirinov əlavə edib ki, milli yaddaşın qorunması və tarixi həqiqətlərin təbliği dövlətçilik baxımından da mühüm əhəmiyyət daşıyır. Qeyd edib ki, bu cür tədbirlər həm keçmişin dərslərini anlamağa, həm də gələcəkdə oxşar faciələrin qarşısının alınmasına xidmət edir.
Sonra Tarix və epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Rahim Həsənov "31 Mart soyqırımı həqiqətləri arxiv sənədlərində" adlı məruzə ilə çıxış edib. Məruzəçi Daşnaksütyun partiyasının mövqeyi və planları, erməni daşnak zabit və komandanlarının fəaliyyəti, eləcə də 1918-ci il qırğınlarında iştirak etmiş erməni generalları barədə ətraflı məlumat verib. O, çıxışında erməni silahlı qüvvələrinin fəaliyyəti, Böyük Britaniya mənbələrində yer alan materiallar, o cümlədən polkovnik Klatterbaxın hesabatı və lord Uordporun Britaniya hökumətinə ünvanladığı məktublara istinad edib.
Rahim Həsənov Azərbaycan Respublikası Dövlət Arxivi, ARPİİSSA arxiv materiallarından istifadə edərək Azərbaycanın müxtəlif bölgələrində-Bakıda, Qubada və Şamaxıda törədilən qırğınlar, həyata keçirilən silahlı hücumlar və terror aktları barədə statistik məlumatları təqdim edib. Qeyd edib ki, bu qırğınlardan ən böyüyü İrəvan qəzasında həyata keçirilib, ümumilikdə Azərbaycanda 500000 türk-müsəlman əhali qətlə yetirilib.
Rahim Həsənov Şəki qəzalarında, xüsusilə də kəndlərində erməni təxribatları və soyqırım aktı barədə məlumatlara da işıq tutub.
Çıxışda Zaqafqaziya Seyminin materialları, Antanta qüvvələrinin mövqeyi və erməni silahlı dəstələrinin fəaliyyəti də təhlil olunub. Xüsusilə Andranik Ozanyanın Qarabağda törətdiyi vəhşiliklər, onun Böyük Britaniya ilə əlaqələri və Londonda fəaliyyəti barədə arxiv sənədlərinə əsaslanan məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Daha sonra söz Tarix və epiqrafika şöbəsinin elmi işçisi Elçin Vəliyevə verilib. O, “31 Mart hadisələrinin müsahibələr əsasında tarixi araşdırılması” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, hadisələrin araşdırılmasında yalnız rəsmi sənədlər deyil, eyni zamanda dövrün şahidlərinin övladları ilə aparılmış müsahibələr də mühüm əhəmiyyət kəsb edir. Məruzəçi şifahi tarix materiallarının hadisələrin daha canlı və dolğun təsvirini yaratmağa imkan verdiyini diqqətə çatdırıb.
Elçin Vəliyev qeyd edib ki, onun təqdim etdiyi materiallar müxtəlif bölgələrdə yaşayan insanların nəslindən toplanmış müsahibələrə əsaslanır. Bu müsahibələrdə 1918-ci il hadisələrinin canlı təsvirləri, insanların yaşadığı qorxu, köçkünlük, yaxınlarını itirmə faciələri və dağıdılmış kəndlərin taleyi əks olunub. O vurğulayıb ki, bu cür mənbələr hadisələrin emosional və sosial tərəflərini daha dərindən anlamağa imkan verir.
Məruzəçi müsahibələr əsasında aparılan araşdırmaların hadisələrin yalnız iri şəhərlərlə məhdudlaşmayıb, kəndlərdə də genişmiqyaslı zorakılıqların baş verdiyinin göstəricisi olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, bir çox hallarda həmin hadisələr rəsmi sənədlərdə tam əks olunmayıb və məhz şifahi mənbələr bu boşluqları doldurur.
Məruzəçi həmçinin şifahi tarix materiallarının toplanması və sistemləşdirilməsinin xüsusi metodoloji yanaşma tələb etdiyini vurğulayıb. O, müsahibələrin qeydə alınması, yoxlanılması və digər mənbələrlə müqayisə edilməsinin vacibliyini diqqətə çatdırıb, bu sahədə elmi yanaşmanın qorunmasının önəmli olduğunu bildirib.
Çıxışının sonunda o əlavə edib ki, bu cür araşdırmalar yalnız keçmişin öyrənilməsi üçün deyil, həm də kollektiv yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.








