AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Əfzələddin Xaqaninin ömür yolu və yaradıcılığı tədqiqatlarda: təhriflər və təqdimlər” mövzusunda elmi seminar keçirilib
Mart 18, 2026 | 01:00
18 mart 2026-cı il tarixində Şəki Regional Elmi Mərkəzdə Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamının və AMEA Rəyasət Heyətinin müvafiq qərarının icrası ilə bağlı “Əfzələddin Xaqaninin ömür yolu və yaradıcılığı tədqiqatlarda: təhriflər və təqdimlər” mövzusunda elmi seminar keçirilib.
Seminarı açan Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil. e. d., dos. Kamil Adışirinov tədbirin təşkilinin əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, Xaqani Şirvani Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olmaqla yanaşı, zəngin yaradıcılığı ilə Şərq ədəbi-fəlsəfi fikrinin inkişafında mühüm rol oynayıb. Kamil Adışirinov qeyd edib ki, şairin irsinin müasir elmi yanaşmalar kontekstində yenidən araşdırılması, mövcud təhriflərin üzə çıxarılması və düzgün elmi təqdimatın təmin edilməsi bu cür tədbirlərin əsas məqsədlərindəndir.
Sonra Şəki REM-in Ədəbi-mədəni mühit şöbəsinin müdiri, fil.ü.f.d. İradə Yusifova “Həyat və yaradıcılığı örnək məktəbi olan görkəmli söz ustadı Xaqani Şirvani” mövzusunda məruzə ilə çıxış edib.
O, çıxışında Xaqani Şirvaninin zəngin və çoxşaxəli yaradıcılığından bəhs edərək, şairin ədəbi irsinin yalnız Azərbaycan deyil, ümumilikdə Şərq poeziyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Məruzədə Xaqaninin həyat yolunun mürəkkəbliyi, saray mühiti ilə münasibətləri, sürgün və səyahətlərinin onun dünyagörüşünün formalaşmasına təsiri geniş şəkildə təhlil olunub.
İradə Yusifova qeyd edib ki, Xaqani Şirvaninin əsərləri yüksək bədii-estetik dəyəri ilə yanaşı, dərin fəlsəfi məzmunu, insan və cəmiyyət problemlərinə həssas yanaşması ilə seçilir. O, şairin yaradıcılığında elmə, ədalətə, mənəvi kamilliyə çağırış motivlərinin aparıcı yer tutduğunu diqqətə çatdırıb. Bildirilib ki, Xaqaninin poeziyası gənc nəsil üçün əsl mənəvi-ədəbi məktəbdir və bu irsin öyrənilməsi milli-mədəni dəyərlərin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Şəki REM-in kitabxana müdiri Günel Musayeva “Xaqani Şirvani yaradıcılığında multikultural dəyərlər” adlı məruzəsində Xaqani Şirvaninin yaradıcılığında müxtəlif
mədəniyyətlərə, dinlərə və dünyagörüşlərinə göstərilən hörmət və tolerant münasibətin geniş şəkildə əks olunduğunu qeyd edib. Bildirib ki, şairin əsərlərində İslam mədəniyyəti ilə yanaşı, xristianlıq və digər dini-fəlsəfi düşüncə sistemlərinə də istinadlar yer alır ki, bu da onun yüksək intellektual səviyyəsindən və geniş dünyagörüşündən xəbər verir.
Günel Musayeva vurğulayıb ki, Xaqaninin əsərlərində müxtəlif xalqların həyat tərzi, adət-ənənələri və mədəni xüsusiyyətləri ustalıqla təsvir olunub. O qeyd edib ki, şairin yaradıcılığı multikultural dəyərlərin – qarşılıqlı anlaşma, hörmət və birgəyaşayış prinsiplərinin təbliği baxımından bu gün də акtuallığını qoruyur.
Sonda məruzəçi Xaqani Şirvani irsinin müasir dövrdə daha dərindən araşdırılmasının vacibliyini vurğulayıb.