11 mart 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Mülki Müdafiə Qərargahının növbəti məşğələsi keçirilib
Mart 11, 2026 | 02:00
Mart 11, 2026 | 02:00
Məşğələnin keçirilməsində əsas məqsəd əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, təbii fəlakətlər və müxtəlif qəzalar zamanı düzgün davranış qaydaları barədə məlumatlandırılması olub.
Tədbirdə Şəki REM-in Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol.-min. ü. f. d., manqa komandiri Hüseyn Mustafabəyli “Təbii fəlakətlər və qəzalar zamanı əhalinin fəaliyyəti” mövzusunda çıxış edərək əməkdaşlara geniş məlumat verib. O, zəlzələ, sel, torpaq sürüşməsi, güclü külək və digər təbii fəlakətlər zamanı əhalinin davranış qaydaları, təhlükəsizlik tədbirləri və fövqəladə vəziyyətlərdə operativ hərəkət etməyin əhəmiyyəti barədə danışıb. O, eyni zamanda fövqəladə hallar zamanı ilkin təhlükəsizlik tədbirlərinin görülməsi, insanların təxliyəsi və ilk yardımın təşkili məsələlərinə də toxunub.
Sonra Mülki Müdafiə Qərargahının rəisi Y. Rəhimovun, eləcə də əməkdaşlardan manqa komandiri Q. Bəkirovun, E. Abdurahmanovun və V. Atayevanın mövzu ətrafında fikirləri dinlənilib. Onlar təbii fəlakətlər və qəzalar zamanı görülməli tədbirlər, əməkdaşların hazırlıq səviyyəsinin artırılması və fövqəladə hallarda operativ fəaliyyətin təşkili ilə bağlı məlumatlarını, əlavə və təkliflərini səsləndiriblər.
Daha sonra məşğələdə iştirak edən əməkdaşların mövzu ilə bağlı sualları cavablandırılıb, müxtəlif situasiyalar üzrə izahatlar verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonda mövzunu daha aydın izah etmək məqsədilə təbii fəlakətlər və fövqəladə hallarla bağlı maarifləndirici videoçarxlar nümayiş etdirilib. Videoçarxlarda təhlükəli vəziyyətlər zamanı əhalinin davranış qaydaları və təhlükəsizlik tədbirləri əyani şəkildə göstərilib.








