Şəki Regional Elmi Mərkəzdə maarifçi irsə həsr olunmuş tədbir keçirilib
Fev 27, 2026 | 03:00
Fev 27, 2026 | 03:00
27 fevral 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elmi Kitabxanasının və İ.Nakam adına Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan maarifçisi İsmayıl bəy Qutqaşınlının 220 illiyinə həsr olunmuş “İsmayıl bəy Qutqaşınlı: Maarifçi ziyalının işığı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Mərkəzin əməkdaşları, tədqiqatçılar və tələbələr iştirak ediblər.
Tədbirin məqsədi İsmayıl bəy Qutqaşınlının ədəbi və maarifçi irsinin elmi müstəvidə yenidən dəyərləndirilməsi, onun yaradıcılığının Azərbaycan ədəbiyyatı tarixində tutduğu yerin daha dərindən araşdırılması və gənclərə çatdırılması, milli-mənəvi dəyərlərin, maarifçilik ənənələrinin və klassik ədəbi irsin təbliği, bu irsin müasir ədəbi proses kontekstində aktuallığının göstərilməsi olub.
Tədbirdə Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d., dos. Kamil Adışirinov “XX əsr Azərbaycan ədəbiyyatında İsmayıl bəy Qutqaşınlının yeri və rolu” mövzusunda geniş məruzə ilə çıxış edib, XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İsmayıl bəy Qutqaşınlının zəngin ədəbi irsi, maarifçilik fəaliyyəti və milli düşüncə tariximizdəki rolu barədə danışıb. O bildirib ki, İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatında maarifçi-realizmin ilkin təməlini formalaşdıran, yaradıcılığında milli oyanış, dünyəvi təhsil ideyaları, insan azadlığı və cəmiyyətin tərəqqisi kimi məsələləri ön plana çəkən simalardandır.
Dosent vurğulayıb ki, Qutqaşınlının irsi yalnız yaşadığı dövr üçün deyil, sonrakı mərhələlər üçün də mühüm ideya mənbəyi olub və XX əsr Azərbaycan ədəbiyyatında formalaşan realist və maarifçi istiqamətlərin kökləri məhz bu irsə dayanır.
Kamil Adışirinov çıxışının sonunda bildirib ki, klassik maarifçi irs müasir ədəbi proseslərin dəyərləndirilməsində mühüm elmi baza rolunu oynayır və ədəbiyyat tarixinin ardıcıllıqla öyrənilməsi üçün konseptual əsas yaradır. Onun sözlərinə görə, bu irsə müraciət etmək yalnız keçmişə ehtiram deyil, həm də gələcək ədəbi istiqamətlərin müəyyənləşdirilməsi baxımından zəruridir.
Tədbirdə, həmçinin İ.Nakam adına Mərkəzi Kitabxananın "Oxucu xidmət" şöbəsinin müdiri Dilbər Yaqubova “Rəşid bəy və Səadət xanım: Sevginin və maarifin zəfəri” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, əsərdə sevgi xətti yalnız iki gəncin taleyinin təsviri deyil, eyni zamanda cəmiyyətin yeniləşməsi və maariflənməsi ideyasının bədii ifadəsidir. Məruzəçi vurğulayıb ki, İsmayıl bəy Qutqaşınlı bu əsər vasitəsilə köhnə düşüncə ilə yeni dünyagörüşü arasındakı ziddiyyəti ustalıqla təqdim edib.
Dilbər Yaqubova bildirib ki, əsərdə qadın obrazının təqdimatı xüsusilə diqqətəlayiqdir. Səadət xanım surəti maarifçi idealların daşıyıcısı kimi çıxış edir və müəllif qadının təhsil almasının, cəmiyyətdə fəal mövqe tutmasının vacibliyini önə çəkir.
Məruzəçi “Rəşid bəy və Səadət xanım” əsərində sevgi və maarif anlayışlarının paralel şəkildə inkişaf etdirildiyini diqqətə çatdırıb.
Dilbər Yaqubova əsərin dil və üslub xüsusiyyətlərinə də toxunaraq bildirib ki, müəllif sadə və anlaşıqlı ifadə tərzi ilə oxucuya birbaşa müraciət edir, maarifçi ideyaları geniş kütləyə çatdırmağa çalışır.
Daha sonra mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Sonda İsmayıl bəy Qutqaşınlının həyat və yaradıcılığına həsr olunmuş, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış videoçarx nümayiş etdirilib








