Xocalı soyqırımından 34 il ötür
Fev 26, 2026 | 01:00
Fev 26, 2026 | 01:00
26 fevral 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Xocalı soyqırımının 34-cü anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil. e.d., dos. Kamil Adışirinov çıxış edərək Xocalı soyqırımının xalqımızın qan yaddaşında əbədi iz saldığını vurğulayıb. Qeyd edib ki, bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir və onun unudulmaması hər bir vətəndaşın mənəvi borcudur.
Şəki REM-in Tarix və epiqrafika şöbəsinin elmi işçisi Elçin Vəliyev “Xocalı soyqırımı Azərbaycan xalqına qarşı planlı şəkildə həyata keçirilən tarixi cinayətdir” mövzusunda çıxış edib. O, hadisələrin əvvəlcədən düşünülmüş və məqsədyönlü şəkildə törədildiyini diqqətə çatdıraraq, müxtəlif mənbələrdə, o cümlədən erməni müəllifi Zori Balayanın əsərlərində yer alan faktlara istinad edib.
Elçin Vəliyev Ümummilli Lider Heydər Əliyevin Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması və hadisəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində attığı addımlar, onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində ardıcıl fəaliyyəti haqqında ətraflı məlumat verib.
Bildirib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi xidmətləri olmuş və onun rəhbərliyi ilə həyata keçirilən təşəbbüslər çərçivəsində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür.
Məruzəçi Xocalı soyqırımının dünyaya çatdırılmasında jurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin çəkdiyi video və foto materialların əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, həmin kadrlar beynəlxalq kütləvi informasiya vasitələrində, o cümlədən Fransa və İngiltərə mətbuatında geniş işıqlandırılıb.
Elçin Vəliyev çıxışında Bakı, Berlin, Mexiko, Haaqa, Ankara, İstanbul, İzmit, İzmir, Sarayevo şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə və parkların soyqırım haqqında məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Məruzəçi çıxışının sonunda bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində Xocalının işğaldan azad edilməsi şəhidlərimizin ruhuna göstərilən ən böyük ehtiramın ifadəsidir və onların əziz xatirəsinin daim uca tutulduğunu bir daha təsdiqləyir.
Ədəbi-mədəni mühit və folklor şöbəsinin müdiri, fil.ü.f.d. İradə Yusifova “Xocalı soyqırımı bədii düşüncədə” adlı məruzəsində faciənin Azərbaycan ədəbiyyatında və ümumən bədii təfəkkürdə əksini geniş şəkildə təhlil edib. O bildirib ki, Xocalı ağrısı təkcə tarixi fakt kimi deyil, həm də milli-mənəvi yaddaşın ayrılmaz parçası kimi poeziya və nəsrdə dərin iz buraxıb.
Məruzəçi qeyd edib ki, bir çox müəlliflərin yaradıcılığında Xocalı faciəsi müxtəlif bədii prizmalar vasitəsilə ifadə olunur. Şeirlərdə ana harayı, yarımçıq qalan ömürlərin ağrısı, vətən itkisi və ədalətə çağırış əsas motiv kimi səslənir, nəsr əsərlərində isə hadisələrin psixoloji və ictimai təsirləri daha geniş planda təsvir edilir.
İradə Yusifova çıxışının sonunda italiyalı şair Davide Qualtyerinin Xocalı soyqırımına həsr etdiyi şeirdən də parçalar səsləndirilib. Diqqətə çatdırıb ki, faciənin beynəlxalq ədəbi mühitdə əksini tapması Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm mənəvi körpü rolunu oynayır və bu mövzunun ümumbəşəri ağrı kimi qəbul edildiyini göstərir.
Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev “Xocalı soyqırımı: tarixdən silinməyən qanlı iz” mövzusunda çıxış edərək faciənin təkcə tarixi deyil, həm də sosial-demoqrafik və mənəvi nəticələrindən bəhs edib. O vurğulayıb ki, Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək və bu həqiqətlərin gələcək nəsillərə çatdırılması hər birimizin vəzifəsidir.
Məruzəçi belə anım mərasimlərinin milli yaddaşın qorunması və tarixi həqiqətlərin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.








