"Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Fev 25, 2026 | 11:00
Fev 25, 2026 | 11:00
24 fevral 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının birgə təşkilatçılığı ilə Zaqatalada "Şəhərsalma və Memarlıq İli" çərçivəsində ölkənin şimal-qərb bölgəsinin tarixinə və turizm potensialına həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Tədbiri açan Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rafiq Qasımov qonaqları salamlayıb, konfransın əhəmiyyətindən danışaraq bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir və ölkəmizdə bu istiqamətdə həyata keçirilən islahatlar, tarixi-memarlıq abidələrinin qorunması və bərpası məsələləri elmi ictimaiyyətin də diqqət mərkəzindədir.
Rafiq Qasımov bu kimi elmi-praktiki tədbirlərin alimlər və mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsinə, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verdiyini vurğulayıb və konfransın işinə uğur diləyib.
Sonra Şəki REM-in Tarix və epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Rahim Həsənov çıxış edərək bildirib ki, qloballaşma şəraitində regionların tarixi-mədəni irsinin qorunması və təbliği yalnız elmi məsələ olmayıb, həm də milli kimliyin və mənəvi dəyərlərin yaşadılması baxımından strateji əhəmiyyət daşıyır. Alim vurğulayıb ki, Azərbaycanın şimal-qərb bölgəsi zəngin tarixi keçmişi, memarlıq abidələri, etnoqrafik müxtəlifliyi və multikultural mühiti ilə seçilir, bu potensialın sistemli şəkildə araşdırılması olduqca vacibdir.
O bildirib ki, alimlərin və tədqiqatçıların üzərinə düşən əsas vəzifə bu prosesə elmi əsaslandırılmış töhfələr vermək, tarixi irsin qorunması ilə bağlı konseptual yanaşmalar irəli sürməkdir.
Çıxışının sonunda alim konfrans çərçivəsində təqdim olunan məruzələrin regionun tarixi və turizm potensialının daha dərindən araşdırılmasına, eləcə də dövlət siyasətinin prioritet istiqamətləri ilə uzlaşan yeni elmi təşəbbüslərin formalaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Konfrans çərçivəsində Şəki REM-in Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Akif Məmmədli “Balakən-Zaqatala bölgəsinin tarixi, tarixi abidələri” mövzusunda məruzə ilə çıxış edərək bölgənin zəngin tarixi, qədim yaşayış məskənləri və memarlıq abidələri barədə məlumat verib. Bildirib ki, Balakən-Zaqatala bölgəsi çoxqatlı mədəni irsə sahibdir və ərazidə aparılmış arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri bölgənin minilliklər boyu intensiv yaşayış məskəni olduğunu sübut edir.
Alim, həmçinin bölgənin tarixi irsinin turizm potensialı baxımından da əhəmiyyətinə toxunaraq düzgün təqdimat və elmi əsaslandırılmış yanaşma nəticəsində bu abidələrin həm mədəni irsin qorunmasına, həm də regionun sosial-iqtisadi inkişafına xidmət edə biləcəyinə diqqət çəkib. Akif Məmmədli elmi tədqiqatların nəticələrinin praktik müstəvidə tətbiqinin vacibliyini nəzərə çatdırıb və regionun tarixi irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində işlərin genişləndirilməsinin əhəmiyyətli olduğunu qeyd edib.
Konfransda Şəki REM-in Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Ələddin Sultanov “Azərbaycanın şimal-qərb bölgəsində ərəb dili və ərəbdilli epiqrafik abidələr” mövzusunda geniş məruzə təqdim edib.
O, Azərbaycanın şimal-qərb bölgəsinin orta əsrlər dövründə İslam mədəniyyətinin və elmi mühitinin mühüm mərkəzlərindən biri olduğunu, ərəb dilinin uzun müddət elmi, dini və inzibati dil kimi istifadə edildiyini və bütün bu proseslərin bölgədə zəngin epiqrafik irsin formalaşmasına səbəb olduğunu ifadə edib.
Məruzəçi qeyd edib ki, Balakən-Zaqatala və Şəki ərazilərində yerləşən məscidlər, türbələr, qəbiristanlıqlar və digər memarlıq abidələri üzərində ərəb qrafikası ilə həkk olunmuş kitabələr bu ərazilərin dini-mədəni tarixini öyrənmək baxımından mühüm mənbədir.
Məruzəçi, həmçinin ərəbdilli kitabələrin paleoqrafik və linqvistik xüsusiyyətlərinin bölgədə müxtəlif dövrlərdə istifadə olunan yazı üslublarını və estetik ənənələri müəyyən etməyə imkan verdiyini də nəzərə çatdırıb və bu abidələrin sistemli şəkildə tədqiqinin, transliterasiya və tərcüməsinin hazırlanmasının, eləcə də elektron bazasının yaradılmasının vacibliyini qeyd edib.
Şəki REM-in Tarix və epiqrafika şöbəsinin elmi işçisi Elçin Vəliyev “Azərbaycanın turizm sektorunda Şəki-Zaqatala bölgəsinin yeri və rolu” adlı çıxışında ölkənin şimal-qərb bölgəsinin turizm imkanlarına diqqət çəkib.
O, şimal-qərb bölgəsinin istər təbii-landşaft xüsusiyyətləri, istərsə də zəngin tarixi irsi ilə turistlər üçün cəlbedici olduğunu, bölgəyə daxil olan Şəki, Zaqatala, Qax, Balakən və Oğuz rayonlarının həm daxili, həm də xarici turistlər üçün geniş imkanlar təqdim etdiyini deyib.
Məruzəçi, həmçinin bölgədə turistlər üçün komfortlu şəraitin yaradıldığı müasir otellərin, istirahət mərkəzlərinin və əyləncə müəssisələrinin yüksək səviyyədə fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Elçin Vəliyev şimal-qərb bölgəsinin təbii, tarixi və mədəni potensialının səmərəli şəkildə tanıdılmasının Azərbaycanın turizm sektorunun inkişafına, regionların davamlı iqtisadi tərəqqisinə və ölkənin beynəlxalq turist cəlbetmə qabiliyyətinin artırılmasına mühüm töhfə verəcəyini söyləyib.
Daha sonra ADİU-nun Zaqatala filialının baş müəllimi, t.ü.f.d. Qüdrət Qırtımov “Azərbaycanın şimal-qərb bölgəsində turizmin dayanıqlı inkişafı perspektivləri (sosial-mədəni kontekstdə)” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi çıxışında dayanıqlı turizm modelinin tətbiqinin, yerli icmaların prosesə cəlb olunmasının və mədəni irsin qorunmasının vacibliyini diqqətə çatdırıb.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb və geniş müzakirələr aparılıb. Konfrans regionun tarixi və turizm potensialının elmi baxımdan araşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilib.
Sonda Şəki REM-in nəşri olan kitablar ADİU-nun (UNEC) Zaqatala filialının kitabxanasına hədiyyə edilib.








