Xalq şairi Bəxtiyar Vahabzadənin anım günüdür
Fev 12, 2026 | 04:00
Bu gün Azərbaycan poeziyasının qüdrətli söz ustadı, ictimai fikir tariximizdə mühüm yer tutan Bəxtiyar Vahabzadənin vəfatından növbəti il ötür.
Zəngin ədəbi irsi, vətənpərvərlik ruhlu əsərləri və milli düşüncənin formalaşmasındakı xidmətləri ilə yaddaşlarda yaşayan Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəkidə anadan olmuş, ömrünü Azərbaycan ədəbiyyatının inkişafına həsr etmişdir. Onun yaradıcılığında vətən, ana dili, azadlıq və istiqlal ideyaları əsas yer tutur. Şairin xüsusilə “Gülüstan” poeması milli özünüdərkin güclənməsində mühüm rol oynamış, uzun illər ictimai-siyasi müzakirələrə səbəb olmuşdur.
Bəxtiyar Vahabzadə yalnız Azərbaycan miqyasında deyil, bütün türk dünyasında da dərin ehtiramla xatırlanan söz ustadıdır. Onun poeziyasında türk xalqlarının ortaq tarixi, mədəni kökləri və mənəvi birliyi xüsusi yer tutur. Türk dünyasının həmrəyliyi, milli kimliyin qorunması və ana dilinə sevgi ideyaları şairin yaradıcılığının əsas xəttini təşkil edir. Bu baxımdan o, türk dünyasının ədəbi-fəlsəfi fikir xəzinəsinə mühüm töhfələr verən sənətkarlardan biri kimi dəyərləndirilir.
Bu gün ölkənin müxtəlif bölgələrində olduğu kimi, türk dünyasının müxtəlif guşələrində də onun xatirəsi ehtiramla yad edilir, ədəbi irsi araşdırılır və təbliğ olunur. Bəxtiyar Vahabzadənin yaradıcılığı Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmaqla yanaşı, bütövlükdə türk dünyasının mənəvi sərvəti kimi yaşayır.