AMEA Şəki REM-də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Yan 19, 2026 | 02:00
Yan 19, 2026 | 02:00
19 yanvar 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar "Azadlığa gedən məşəqqətli və şanlı yol" mövzusunda anım tədbiri keçirilib.
Əvvəlcə Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsi yad edilib.
Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d.,dos. Kamil Adışirinov tədbiri açaraq 1990-cı ilin 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsində mühüm mərhələ təşkil etdiyini, 20 Yanvar şəhidlərinin Azərbaycan xalqının müstəqillik əzminin simvolu olduqlarını qeyd edib və çıxış üçün sözü Tarix və epiqrafika şöbəsinin elmi işçisi Elçin Vəliyevə verib.
Elçin Vəliyev çıxışında 20 Yanvar hadisələrinə aparan yolu təhlil edərək, həmin dövrdə Sovet İttifaqında mövcud olan ictimai-siyasi vəziyyət və Azərbaycan xalqının artan azadlıq istəkləri barədə danışıb. O qeyd edib ki, 20 Yanvar hadisəsi planlı şəkildə həyata keçirilmiş hərbi müdaxilə idi və burada əsas məqsəd xalqın iradəsini qırmaq olub.
Məruzəçi, həmçinin faciədən sonra cəmiyyətdə formalaşan ictimai şüur və milli birlik hissi haqqında danışaraq, 20 Yanvar hadisəsinin xalqımızın müstəqillik ideyasını daha da gücləndirdiyini vurğulayıb.
Natiq Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və qərarlı mövqeyi sayəsində 20 Yanvar faciəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırıldığını, bu faciənin milli yaddaşımızın bir hissəsinə çevrildiyini xüsusi olaraq qeyd edib.
Bildirib ki, məhz Ulu Öndər Heydər Əliyevin siyasəti nəticəsində bu hadisələr dünyanın aparıcı informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb, beynəlxalq ictimaiyyətin Azərbaycanın haqq səsinə diqqət yetirməsinə səbəb olub.
Çıxışının sonunda Elçin Vəliyev 20 Yanvar faciəsinin Azərbaycan ədəbiyyatında təcəssümü barədə danışaraq, yazıçı və şairlərin bu faciəni əsərlərində milli yaddaş və qəhrəmanlıq salnaməsi kimi əks etdirdiklərini də diqqətə çatdırıb.
Landşaftşünaslıq şöbəsinin müdiri, geol.-min.ü.f.d. Hüseyn Mustafabəyli 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqının bir daha millət olaraq varlığını sübut etdiyini, azadlıq və müstəqillik əzmini nümayiş etdirdiyini nəzərə çatdırıb.
O, şəhidlərə Allahdan rəhmət diləyib və Vətənimizin daim azadlıq və sülh şəraitində yaşamasını arzulayıb.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, tədbir çərçivəsində həmçinin 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil edilib.








