AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib
Yan 19, 2026 | 11:00
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin üzvləri, bölmənin elmi müəssisələrinin direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə AMEA-nın Yer Elmləri Bölməsinin (YEB), AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) və Şəki Regional Elmi Mərkəzinin (Şəki REM) 2025-ci il ərzində əldə etdiyi nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, bugünkü iclasla AMEA-nın elmi bölmələrinin 2025-ci ildəki fəaliyyətlərinə dair hesabatlara başlanılır və qarşıdakı günlərdə ümumilikdə Akademiyanın 6 bölməsinin, eləcə də regional bölmə və elmi mərkəzlərinin hesabatları ictimaiyyətə təqdim olunacaq. Akademik İsa Həbibbəyli vurğulayıb ki, məqsəd elmi nailiyyətləri dinləyib qiymətləndirmək, həmçinin ölkəmizin elmi ictimaiyyətinə təqdim etməkdir. Elmi nailiyyətlərin təbliği üçün hər bölmənin öz saytlarının mövcudluğunun və aktiv istifadəsinin əhəmiyyətinə toxunan akademik İsa Həbibbəyli bildirib ki, cəmiyyət bununla Akademiyada gedən elmi proseslərlə yaxından tanış olmaq imkanı əldə edir və onlarda müəyyən bir fikir formalaşır. AMEA rəhbəri, hesabatlar hazırlanan zaman müasirləşmə modelinin, müqayisələrin, cədvəllərin, diaqramların əksini tapmasının zəruriliyini vurğulayıb.
Akademiyada aparılan struktur islahatları barədə də məlumat verən akademik İsa Həbibbəyli, bunu dövrün çağırışlarının tələb etdiyini və qaçılmaz olduğunu bildirib, ötən müddət ərzində AMEA-da mövcud şatat vahidləri və daxili imkanlar hesabına 30-a yaxın yeni şöbənin yaradıldığını söyləyib. Bu çərçivədə bu günlərdə AMEA-nın elmi müəssisələrində Rəqəmsal elm sahəsi və süni intellekt üzrə şöbələrin yaradıldığını deyib, aparılan struktur islahatlarının elmin inkişafına təkan verdiyini diqqətə çatdırıb.
AMEA-nın Yer Elmləri Bölməsinin (YEB), AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) 2025-ci il üzrə hesabatları dinlənilib.
Şəki REM-in 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı Mərkəzin direktoru fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü təqdim edərək bildirib ki, hesabat ilində Şəki REM-də 6 yeni prioritet istiqamətdə, 11 mövzu üzrə 19 elmi-tədqiqat işi yerinə yetirilib, 25 mühüm nəticə əldə olunub.
Y.Şükürlü çıxışında “Konstitusiya və Suverenlik ili”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, eləcə də “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında”, “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında”, “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” ölkə başçısının sərəncamlarından irəli gələrək Mərkəzdə görülmüş işləri diqqətə çatdırıb.
Məruzəçi qeyd edib ki, Mərkəz əməkdaşlarının hesabat dövründə 11-i xaricdə olmaqla 24 məqaləsi, 12-si xaricdə olmaqla 30 tezisi çap olunub. İşıq üzü görmüş məqalələrin 5-i Web of Science və Scopus bazalarında dərc edilib. 2025-ci ildə AMEA-nın Şəki REM-də “Şəki gülüşü və Qabrovo yumoru”, “Bəxtiyar Vahabzadənin Sovet dövrü əsərlərində mətnaltı semantika” və s. olmaqla, ümumilikdə 4 kitab çap olunub.
Alim Mərkəzin əməkdaşları tərəfindən Şəki ədəbi mühitinin öyrənilməsi, Şəki və Qabrova lətifələrinin müqayisəli şəkildə araşdırılması, Şəki rayonunda yayılmış yabanı dərman bitkilərin tədqiqi, Qəbələ və Zaqatala rayonlarında tarixi əlyazmaların təhlili və s. istiqamətlərdə tədqiqatlar aparılaraq mühüm nəticələr əldə olunduğunu söyləyib.
Həmçinin bildirib ki, Özbəkistan Respublikasından gətirilmiş 8 tut ipəkqurdu cinsi üzərində yerinə yetirilən tədqiqatlar göstərmişdir ki, yaş baramanın ipəkliliyi Qulşan, Nafis, Yulduz, Asaka və Marvarid cinslərində 20,0-22,9 % olmuşdur. Yaş baramanın ipəkliliyi 2024-cü ilə nisbətən 2025-ci ildə Orzu, Quzal, Marxamat cinslərində 1,3% yüksək olmuşdur.
Yusif Şükürlü, həmçinin 2025-ci ilin tədqiqat planına uyğun olaraq Oğuz rayonunun bir neçə kəndlərinə ekspedisiyalar təşkil olunduğunu, xalq seleksiyasına aid tumlu, çəyirdəkli və qərzəkli meyvə nümunələrinin götürülərək Şəki REM-in təcrübə sahəsində calaqaltıya calaq edildiyini və hər bir nümunənin biomorfoloji göstəricilərinin təyin edildiyini vurğulayıb. Bundan əlavə, Şəki REM-də arxeoloji qazıntılar üçün Baş Şabalıd və Baş Küngüt kəndi ərazisinə ekspedisiyanın təşkil edildiyini və antik dövrə aid bir neçə torpaq, küp, erkən orta əsrlərə aid xristian daş qutu qəbirin aşkar edilərək tədqiqata cəlb olunduğunu deyib. Həmçinin Balakən, Zaqatala və Şəki rayonunun ucqar dağ bölgələrinə ekoturizmin qiymətləndirilməsi, çay yataqlarının monitorinqi məqsədi ilə ekspedisiyaların təşkil edildiyini diqqətə çatdırıb.
Alim, eyni zamanda Mərkəzin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, beynəlxalq əməkdaşlıq, təltiflər, elektron elmin vəziyyəti barədə məlumatları təqdim edib.
İclasda təqdim olunan hesabatlar ətrafında akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Rauf Qardaşov, professor Rza Mahmudov, coğrafiya elmləri doktoru Zaur İmrani, coğrafiya elmləri doktoru Səid Səfərov, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, Sadıx Nəbiyev və başqaları çıxış edərək əldə olunan mühüm nəticələrlə bağlı fikirlərini bildiriblər.
Daha sonra çıxış edən akademik İsa Həbibbəyli AMEA-nın Yer Elmləri Bölməsinin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin və Şəki Regional Elmi Mərkəzinin 2025-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirib, onların qarşısında duran vəzifələri diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Yer Elmləri Bölməsinin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin və Şəki REM-in 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.