Şəki Regional Elmi Mərkəzdə "Şəki şəhəri və çevrəsinin toponomik xüsusiyyətləri" mövzusunda elmi seminar keçirilib
Dek 19, 2025 | 04:00
Azərbaycan Respublikası Prezidentinin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamının və AMEA Rəyasət Heyətinin müvafiq qərarının icrası ilə bağlı 19 dekabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində "Şəki şəhəri və çevrəsinin toponomik xüsusiyyətləri" mövzusunda elmi seminar keçirilib.
Tədbiri açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü tədbirin məqsədinin Birinci Türkoloji Qurultayın elmi irsini müasir türkoloji tədqiqatlarda davam etdirilməsinə töhfə vermək, həmçinin regional toponimlərin qorunması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi, bu sahədə aparılan tədqiqatların nəticələrinin elmi ictimaiyyətlə paylaşılması, eləcə də gənc tədqiqatçıların türkoloji və toponimik araşdırmalara cəlb edilməsi olduğunu bildirib. Tədbirin işinə uğur diləyib və sözü Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Akif Məmmədliyə verib.
Akif Məmmədli "Bölgənin tarixi toponimlərin dili ilə" adlı çıxışında Şəki, Qax, Zaqatala və Balakən rayonlarının toponimikası haqqında danışarkən buradakı yer adlarının qədim türk tayfalarının məskunlaşması, orta əsr dövlətçilik ənənələri və təbii-coğrafi xüsusiyyətlərlə sıx bağlı olduğunu, toponimlərin əksəriyyətində türk mənşəli leksik vahidlərin üstünlük təşkil etdiyini nəzərə çatdırıb. O, toponimlərdə türk mifoloji düşüncəsinin izlərinə də rast gəlindiyini, təbiət obyektlərinə verilən adların qədim insanların ətraf mühitlə harmoniyasını və ona münasibətini əks etdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, toponimlərin qorunması milli-mədəni irsin qorunması deməkdir və bu sahədə aparılan elmi tədqiqatlar xüsusi əhəmiyyət daşıyır. Məruzəçi toponimlərin tədqiqinin yalnız dilçilik deyil, eyni zamanda tarix, etnoqrafiya və coğrafiya elmlərinin kəsişməsində aparılmasının zəruri olduğunu vurğulayıb.
Tarix və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov Şimal-qərb bölgəsinin toponomik sisteminin türk dünyasının zəngin tarixi və mədəni irsini özündə əks etdirdiyini ifadə edib. O, bu sahədə tədqiqatların genişləndirilməsi ilə bağlı təkliflərini səsləndirib. Bildirib ki, Birinci Türkoloji Qurultayın ideyaları bu gün də акtuallığını qoruyur və tədqiqatçıların elmi fəaliyyətinə istiqamət verir. Rahim Həsənov həmçinin, toponimlərin öyrənilməsində kompleks metodoloji yanaşmanın vacibliyini bildirib, onların arxiv sənədləri, tarixi xəritələr, şifahi xalq yaddaşı və müasir dil materialların qarşılıqlı təhlili fonunda araşdırılmasının zəruriliyini qeyd edib.
Seminar müzakirələr ətrafında davam etdirilib.