Şəki Regional Elmi Mərkəzdə növbəti Elmi Şura iclası keçirilib
Dek 09, 2025 | 05:00
Dek 09, 2025 | 05:00
09 noyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində keçirilən Elmi Şura iclası regionda elmin inkişafına yönəlmiş mühüm nəticələrlə yadda qalıb.
İclasda Şəki REM-in 12 nəfər Elmi Şura üzvü, şöbə rəhbərləri, elmi işçilər iştirak ediblər.
İclası açan Şəki REM-in direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü iştirakçıları salamlayıb, gündəlikdəki məsələ ilə tanış edib. Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasın əsas müzakirə mövzusu AMEA Rəyasət Heyətinin 20 oktyabr 2025-ci il tarixli 18/5 saylı qərarının icrasına dair Şəki REM-in ümumi hesabatının müzakirəsi olub.
Elmi katib Vəfa Atayeva Mərkəzin 9 elmi-tədqiqat şöbəsinin fəaliyyət istiqamətləri üzrə əldə olunmuş nəticələr, beynəlxalq və yerli elmi qurumlarla əməkdaşlıq əlaqələri, nəşr olunan kitab və elmi əsərlər, habelə il ərzində təşkil olunan və iştirak edilən elmi tədbirlər haqqında geniş hesabatı təqdim edib. Hesabat ətrafında müzakirələr aparılıb və təqdim olunan məlumatlar Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
İclasın sonunda Şəki REM-in Elektron xidmətlər şöbəsinin rəhbəri Namiq Abdurahmanov AMEA-nın 80 illik yubileyi çərçivəsində təşkil olunan Şəki Regional Elmi Mərkəzin elmi nailiyyətlər sərgisinin təşkilində göstərdiyi fəallığa görə Təşəkkürnamə ilə təltif olunub.








