Şəki REM-də "Fətəli xan Xoyskinin ictimai-siyasi, ədəbi-mədəni və maarifçilik görüşləri" mövzusunda elmi-praktik seminar keçirilib
Dek 08, 2025 | 07:00
05 dekabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Azərbaycan dövlətçilik tarixinin görkəmli simalarından biri olan Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş "Fətəli xan Xoyskinin ictimai-siyasi fəaliyyəti, ədəbi-mədəni irsi və maarifçilik görüşləri" mövzusunda elmi-praktik seminar təşkil edilib.
Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ümummilli Lider Heydər Əliyevin, Fətəli xan Xoyskinin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü seminarın mövzusunun aktuallığını vurğulayıb. O, Fətəli xan Xoyskinin Azərbaycan dövlətçilik tarixində müstəsna rol oynadığını, onun siyasi baxışları və maarifçilik fəaliyyətinin bu gün də elmi ictimaiyyət üçün mühüm tədqiqat obyektinə çevrildiyini qeyd edib. Dosent seminarın məqsədinin Xoyskinin çoxşaxəli irsinin yeni elmi yanaşmalar kontekstində müzakirəsi və təbliği olduğunu diqqətə çatdırıb, tədbirin işinə uğur diləyib.
Sonra Şəki REM-in Tarix və epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Rahim Həsənov çıxış edərək Xoyskinin həyatı və şəcərəsi barədə geniş məlumat verib, Xoyskinin formalaşmasına təsir göstərən ictimai-siyasi mühit haqqında danışarkən qeyd edib ki, dövlət xadiminin dünyagörüşü və siyasi fəaliyyəti onun mənsub olduğu ailə ənənələri, aldığı təhsil və dövrün çağırışları ilə sıx bağlı olmuşdur. Məruzəçi həmçinin Fətəli xan Xoyskinin Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasında oynadığı müstəsna rol, onun dövlətçilik konsepsiyası, milli ideyaların inkişafına verdiyi töhfələri şərh edib.
Daha sonra söz Ədəbi-mədəni mühit və folklor şöbəsinin rəhbəri, fil.ü.f.d. İradə Yusifovaya verilib. O, "Fətəli xan Xoyskinin maarifçilik görüşləri" mövzusunda məruzə edərək Xoyskinin maarifçilik ideyalarının Azərbaycan cəmiyyətinin modernləşməsi prosesində tutduğu xüsusi yeri diqqətə çatdırıb. O, Fətəli xan Xoyskinin təhsilin demokratikləşməsi, yeni tipli məktəblərin yaradılması və maarifin milli məzmunla zənginləşdirilməsi istiqamətində irəli sürdüyü fikirləri elmi təhlil predmetinə çevirərək onun bu sahədəki fəaliyyətinin ölkədə intellektual mühitin formalaşmasına göstərdiyi təsiri vurğulayıb.
Seminar müzakirələrlə davam etdirilib, təqdim olunan məruzələr ətrafında mövzunun aktual istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları Fətəli xan Xoyskinin ictimai-siyasi və maarifçi irsinin müasir dövlətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq, onun çoxşaxəli fəaliyyətinin daha dərindən və sistemli şəkildə elmi tədqiqinə ehtiyac olduğunu bildiriblər.