Zəfər günü milli qürur günümüzdür
Noy 07, 2025 | 04:38
Noy 07, 2025 | 04:38
Azərbaycan öz coğrafi mövqeyinə, təbii sərvətlərinə görə tarix boyu daim işğalçı dövlətlərin hücumlarına məruz qalmışdır. Ən qədim dövrlərdən başlayaraq Aşşurlar, Əhəmənilər, Makedoniyalı İsgəndər, Romalılar, Sasanilər, Ərəblər, Monqollar, Teymurilər torpaqlarımıza işğalçı hücumlar etmişlər. Xalqımız daim işğalçılara qarşı mübarizə aparmış, ərazimizin bütövlüyünü qorumağı bacarmışlar. Lakin XIX əsrdən torpaqlarımız Azərbaycan ərazisinin xırda xanlıqlara parçalanmasından istifadə edən çar Rusiyası və Qacar dövləti tərəfindən işğal edilmişdir. 1813, 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələri ilə torpaqlarımız xalqımızın iradəsinin əksinə olaraq Rusiya və İran arasında bölüşdürülmüşdür. Türkmənçay müqaviləsindən sonra Çar Rusiyası bölgənin etnik mənzərəsini dəyişdirib öz dayaqlarını möhkəmləndirmək üçün bütün XIX əsr boyu İrandan və Türkiyədən 1 milyondan çox ermənini Cənubi Qafqaza köçürmüşdür. Beləliklə, Ermənistanın Azərbaycana qarşı 200 ildən çox tarixi olan düşmənçiliyinin, kütləvi terror və soyqırımların əsası qoyulmuşdur. Azərbaycan xalqı 1905-1906 və 1918-ci illərdə dəhşətli soyqırım mərhələlərindən keçmişdir. Bölgənin demoqrafik mənzərəsinin dəyişdirilməsi ilə yanaşı, erməni dini-ideoloji ekspansiyasına da rəvac verilmişdir.
XIX əsrin sonlarına yaxın erməni şovinistləri “Armenakan”, “Hnçak” və “Daşnaksütyun” kimi millətçi partiyalar yaradaraq “dənizdən-dənizə kimi böyük Ermənistan” mifi ilə bağlı ideyanın həyata keçirilməsinə silahlı mübarizə və terror yolu ilə zəmin hazırlamağa başlamışlar. 1905–1906-cı illərdə, habelə 1918-ci ildə ermənilər tərəfindən Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Göyçədə və digər yerlərdə azərbaycanlılara kütləvi şəkildə divan tutulmuş, şəhər və kəndlər yandırılmış, uşaq, qadın və qocalar misilsiz qəddarlıqla öldürmüşlər. Erməni vəhşiliyindən canını qurtara bilən on minlərlə azərbaycanlı doğma yurd-yuvasını tərk etməyə məcbur olmuşdur. Azərbaycanlılardan təmizlənən ərazilər 1918-ci ildə müstəqilliyini elan etmiş Ermənistan Respublikasına qatılmışdır. Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Qərbi Zəngəzur Ermənistanın tərkibinə daxil edilmiş, nəticədə onun ərazisi 9,8 min kvadrat-kilometrdən 29,8 min kvadrat-kilometrə çatdırılmışdır.
Azərbaycanlılara qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmişdir. Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında elliklə yaşayan yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilmişdir. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR-in hakim dairələri 1948–1953-cü illərdə Ermənistandan yüz minlərlə azərbaycanlının deportasiya edilməsinə nail olmuşlar. Azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq ruhunda tərbiyə edilmişdir. Erməni “alim”lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, erməni dövlətinin olmayan tarixi uydurulmuş, Cənubi Qafqazda baş verən hadisələr bilərəkdən təhrif edilmişdir.
Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün Ermənistanın 1988-ci ildə başladığı, 1992-ci ildə isə miqyasını genişləndirdiyi etnik təmizləmə siyasəti və işğalçılıq müharibəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgələrindən 1 milyondan çox azərbaycanlı qovulmuşdur. Azərbaycanlılara qarşı milli nifrət və düşmənçilikdən qaynaqlanan ağır cinayət aktları həyata keçirilmiş, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, bir sıra digər qətliam əməlləri törədilmişdir.
1994-cü ilin mayında münaqişənin sülh yolu ilə həllinə şərait yaratmaq məqsədi ilə Ermənistanla Azərbaycan arasındakı cəbhə xəttində atəşkəs elan olunduqdan sonra Ermənistan rəhbərliyinin bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın nəticələrinin möhkəmləndirilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnaməyə, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, digər beynəlxalq qurumların müxtəlif illərdə qəbul etdikləri qətnamələrə etinasızlıq göstərilmişdir. Münaqişənin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlardan Azərbaycan torpaqlarının işğalının nəticələrini bu və ya digər şəkildə rəsmiləşdirmək, bu mümkün olmadıqda isə vaxt uzatmaq üçün istifadə edilmişdir.
Ermənistan rəhbərliyi cəzasız qalmasından istifadə edərək, sülh prosesini birdəfəlik pozmağa cəhdlər göstərmişdir. Ermənistan rəsmiləri öz bəyanatları və davranışları ilə sübut etmişlər ki, bu dövlət nəinki işğal altında olan əraziləri qaytarmağa və ədalətli sülh əldə etməyə hazırlaşmır, əksinə, Azərbaycanın yeni ərazilərini işğal etmək niyyəti güdür. İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin genişləndirilməsi, danışıqların formatını dəyişdirməyə cəhdlər göstərilməsi, Ermənistan müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” iddialarını səsləndirməsi, digər bəyanatlar və hərəkətlər işğalçı dövlətin rəhbərliyinin əsl niyyətlərini üzə çıxarmışdır.
Azərbaycan dövlətinin rəhbərliyi onilliklər boyu bəyan etmişdir ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və bütün imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır.
Beləliklə, tarixi zəfərə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Möhtərəm prezidentimiz İlham Əliyev böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurmaq istiqamətində Ulu Öndərin başladığı yolu uğurla davam etdirmiş, Azərbaycan ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olunmuş, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi məqsədilə bütün zəruri tədbirlər görülmüşdür. Həmçinin xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi tarixi qələbənin təmin edilməsində mühüm rol oynamışdır.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün bərpası üçün apardığı mübarizənin ən parlaq və şərəfli mərhələsi olmuş, işğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir.
Vətən müharibəsinin şərəfli səhifələrindən biri də noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur. Şuşanın azad edilməsi müharibənin taleyində həlledici rol oynamışdır. 44 gün davam edən bu müharibədə Azərbaycan Ordusu erməni işğalında olan Qarabağ torpaqlarını azad etmişdir. 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanatla Ermənistan məğlubiyyətini qəbul etmiş və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etmişdir. Bu qələbə xalqın birliyinin, ordunun gücünün və dövlət siyasətinin nəticəsi olaraq tarixə “Qarabağ zəfəri” kimi düşmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il sərəncamı ilə Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyətini nəzərə alınaraq noyabrın 8-i hər il ölkəmizdə təntənəli şəkildə “Zəfər Günü” olaraq qeyd olunur.
Qarabağ Azərbaycandır!








