AMEA-nın Şəki Regional Elmi Mərkəzində “8 Noyabr – Zəfər Günü”nün 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Noy 06, 2025 | 05:00
06 noyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində “8 Noyabr – Zəfər Günü”nün 5-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbirdə Şəki şəhər Ağsaqqallar Şurasının sədri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şöbəsinin əməkdaşı, şəhid valideynləri, Vətən müharibəsi iştirakçıları və Şəki REM-in kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki Regional Elmi Mərkəzin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü iştirakçıları salamlayaraq Zəfər Gününün əhəmiyyətindən bəhs edib və tədbirin işinə uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhid Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Şəki REM-in Tarix və epiqrafika şöbəsinin elmi işçisi Elçin Vəliyev “8 noyabr – tarixi qələbənin qürur günü” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, 8 Noyabr xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış ən şanlı səhifə – Zəfər Günüdür. O, bu möhtəşəm qələbənin əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, güclü dövlət quruculuğunun və milli həmrəylik ideyasının dayandığını, həmin ideyaların Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, sarsılmaz iradəsi və müdrik siyasəti nəticəsində öz bəhrəsini verdiyini, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tarixi Zəfərə nail olduğunu vurğulayıb.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şöbəsinin rəis müavini, kapitan Nail Səfərov çıxış edərək 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqdan, xalqımızın sarsılmaz iradəsindən və tarixi ədalətin bərpasından danışıb, Zəfər Günü münasibətilə xalqımızı təbrik edib.
Şəki şəhər Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov çıxışında 8 Noyabrın təkcə qələbə günü deyil, həm də milli birliyimizin, vətən sevgimizin və dövlətimizə sədaqətimizin rəmzi olduğunu qeyd edib.
Tədbirdə şəhid Elməddin Məmmədovun atası Mikayıl Məmmədov və şəhid mayor Aqşin Abdullayevin anası Dursun Abdullayeva çıxış edərək 8 Noyabrda həm qələbəmizin, həm də Vətən uğrunda canından keçən oğullarımızın qəhrəmanlığının anıldığını bildiriblər. Onlar Elməddin və Aqşin kimi igidlərin timsalında minlərlə vətənpərvər gəncin torpaq, bayraq və dövlət uğrunda canını fəda etməsindən qürurla danışıblar.
Vətən müharibəsi iştirakçısı Fuad Abbasov isə çıxışında qələbənin köklərinin Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik təməlinə, milli birliyimizə və xalqımızın ruhuna söykəndiyini, bu irsin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd edib. O, şəhidlərə Allahdan rəhmət diləyib və bayrağımızın daim zirvələrdə dalğalanmasını arzulayıb.
Şəki REM-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfovanın ifasında “Mən Vətənəm” adlı şeir səsləndirilib.
Sonda tarixi Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir çərçivəsində, həmçinin Vətən müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirən, Azərbaycan xalqının tarixi Zəfərinin 5 illiyinə həsr olunmuş "Tarixi Zəfərin 5 ili" adlı sərgi nümayiş etdirilib.