Şəki Regional Elmi Mərkəzdə "Şərqdə yeni düşüncənin səsi: Mirzə Fətəli Axundzadə fəlsəfəsi" mövzusunda dəyirmi masa keçirilib
Okt 17, 2025 | 01:00
Okt 17, 2025 | 01:00
17 oktyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Balakən rayon MKS-in şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə dahi mütəfəkkir, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadəyə həsr edilmiş "Şərqdə yeni düşüncənin səsi: Mirzə Fətəli Axundzadə fəlsəfəsi" adlı dəyirmi masa keçirilib.
Tədbirdə Balakən rayon MKS-in şəhər kitabxana filialının əməkdaşları, Şəki REM-in əməkdaşları iştirak ediblər.
Tədbiri açan Şəki Regional Elmi Mərkəzin direktoru, fiz.ü.f.d.,dos. Yusif Şükürlü Azərbaycan xalqının dilinin, mədəniyyətinin, milli düşüncəsinin çar Rusiyası tərəfindən buxovlandığı, torpaqlarımızın parçalandığı, xalqın yeni nəfəsə, yeni milli mübarizlərə ehtiyac duyduğu bir vaxtda milli maarifçilər ordusunun meydana çıxmasını milli şüurun, düşüncənin formalaşması üçün mühüm ictimai-siyasi addım olduğunu qeyd edib. O, maarifçilik hərəkatının liderlərindən olan Mirzə Fətəli Axundzadənin yalnız ilk realist dramaturq deyil, həm də Şərqdə dünyəvi düşüncənin, ictimai islahatçılığın və yeni ədəbi formaların təşəkkülündə mühüm rol oynamış ziyalı kimi qiymətləndirildiyini söyləyib. Direktor Axundzadənin ictimai-siyasi baxışları, ədəbi yaradıcılığı və milli oyanışdakı rolunun gənc nəsildə milli-mənəvi dəyərlərə marağın artırılması, müstəqil düşüncə tərzinin təşviqi və tarixə əsaslanan mədəni yaddaşın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib, tədbirin işinə uğur diləyib və sözü Balakən rayon MKS-in şəhər kitabxana filialının müdiri Gülarə Muradovaya verib.
Gülarə Muradova "Mirzə Fətəli Axundzadənin ədəbi irsi" mövzusunda çıxış edib. Mirzə Fətəli Axundzadənin ideyalarının müzakirəsinin həm tarixi irsin öyrənilməsinə, həm də bu irsdən müasir dövrün problemlərinin həllində ilham mənbəyi kimi istifadə edilməsinə şərait yaratdığını bildirib. Məruzəçi Mirzə Fətəli Axundzadə irsinin Azərbaycan maarifçiliyinin əsas dayaqlarından biri hesab olunduğunu, dramaturqun düşüncə azadlığını, dünyəvi elmin və təhsilin inkişafını xalqın tərəqqisinin əsas şərti kimi gördüyünü, teatr vasitəsilə cəmiyyətin sosial problemlərinə güzgü tutduğunu, fəlsəfi və siyasi əsərlərinin milli oyanışa və yeni intellektual mühitin yaranmasına mühüm təsir göstərdiyini geniş şərh edərək, bu gün də maarifçilik ideyalarının, müstəqil düşüncə tərzinin və mədəni yeniləşmənin güclü ilham mənbəyi olaraq aktuallığını qoruduğunu nəzərə çatdırıb.
Şəki Regional Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini, fil.e.d., dos. Kamil Adışirinov "Axundzadənin maarifçilik missiyası milli tərəqqiyə doğru" adlı məruzəsində
Mirzə Fətəli Axundzadənin XIX əsr Azərbaycan ictimai fikir tarixində maarifçilik hərəkatının əsas təşəbbüskarlarından olduğunu, onun cəhalətə, dini fanatizmə və köhnə düşüncə tərzinə qarşı çıxaraq təhsilin, elmin və dünyəvi fikrin yayılmasını milli tərəqqinin başlıca şərti hesab etdiyini, dramaturqun ideyalarının Şərqdə yeni ictimai münasibətlərin, müasir düşüncənin və realist ədəbiyyatın formalaşmasına təkan verdiyini, “Məktəb” və “Yeni əlifba” layihələrinin maarifçiliyi yalnız nəzəri deyil, praktik istiqamətdə də inkişaf etdirməyə yönəldiyini diqqətə çatdırıb.
Vurğulayıb ki, Axundzadə Azərbaycan dilində əsərlər yazıb onları tamaşaya qoymaqla xalqın gözünü açmağın, folklor-etnoqrafik sərvətini təbliğ etməklə onu özünə milli məninə qaytarmağın mümkün olacağını dərk edən mütəfəkkirlərdən idi və məhz bu səbəbdən də milli özünüdərk və Azərbaycançılıq ideyalarını əks etdirən bir-birindən maraqlı və dəyərli komediyaları bunun bariz nümunəsidir.
Dosent əlavə edib ki, Axundzadənin istər fəlsəfi-bədii, istərsə də ictimai-siyasi irsi gələcək nəsillər üçün böyük bir məktəbdir və dramaturqun həyat və yaradıcılığı ilə bağlı bir çox məsələlər yeni baxış bucağından öz tədqiqini gözləyir.
Dəyirmi masa müzakirələr ətrafında davam etdirilib.








