Okt 13, 2025 | 02:01
Türk dünyasının siyasi-ictimai, mədəni tarixində müstəsnə rola malik olan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü Azərbaycan Respublikasının Qəbələ şəhərində reallaşdı. Azərbaycanın ev sahibliyi etdiyi Zirvə görüşü yalnız diplomatik bir hadisə deyil, həm də vətənimizin, onun dövlət başçısının böyük etimadının rəsmi təsdiqidir. Dünyanın mövcud geosiyasi mənzərəsində türk dövlətləri arasında əlaqələrin genişlənməsi, Türk dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Belə ki, Türk Dövlətləri Təşkilatı tarixi, mədəni bağlılığın ifadəsi deyil, həm də müasiri olduğumuz əsrin geosiyasi reallıqları fonunda gələcək müqəddəratını özü müəyyən edən cümhuriyyətlərin möhkəm strateji yol xəritəsidir.
Qəbələ Zirvə görüşünün mövzusu olan “Regional sülh və təhlükəsizlik” müasir zəmanəmizin ən əsas tələbidir. Çünki dünyada gedən geosiyasi prosseslər onu göstərir ki, bəşəriyyətin bir mərkəzdən idarə edilməsi prinsipləri özünü doğrultmamışdır. Buna görə də türk dövlətlərinin siyasi, iqtisadi birlik ideyaları zamanın hökmünə uyğundur.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın bu təşkilatda fəaliyyəti və rolu türk dünyası üçün olduqca vacibdir. Əlverişli coğrafi şəraiti, təbii sərvətləri ilə bərabər, apardığı uğurlu siyasət, dünya siyasi meydanında öz sözünü deməsi Azərbaycanı lider dövlətə çevirmişdir. 44 günlük Vətən müharibəsi və Antiterror əməliyyatı ilə dövlət sərhədlərini bərpa edən Azərbaycan Respublikası türk dünyasının əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin üzaqgörən siyasəti ilə Azərbaycan türk birliyinin əsas lokomativi və siyasi, ideoloji konsepsiyasının müəllifidir.
Cənab Prezident İlham Əliyevin Qəbələ Zirvə görüşündə etdiyi açılış nitqi Türk dövlətləri Təşkilatının gələcək perspektivlərinin xəritəsinin cızılması baxımından olduqca əhəmiyyətlidir. Ali Baş Komandanın “Bu gün Türk Dövlətləri Təşkilatı yalnız əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır” ifadəsi böyük türk ailəsinin dünyanın sosial-iqtisadi durumuna təsirini təsdiqləyir və tarixi kökləri olduqca zəngin olan bir millətin gələcək dünya siyasətində önəmli rol oyanayacağına bir işarədir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin nitqində regionun gələcək perspektivləri, iqtisadi inkişafla bağlı irəli sürdüyü fikirlər Türk Dövlətləri Təşkilatının möhkəm dayağa əsaslandığını göstərir. Cənab Prezident Azərbaycanın iqtisadi cəhətdən necə böyük möveyə malik olduğunu göstərərək qeyd etmişdir ki, “nəqliyyat və komunikasiya əlaqələri Türk Dövlətləri təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, komunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarır. Azərbaycan şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpu rolunu oynayır”. Ölkə rəhbərimiz bu sözləri ilə onu göstərmək istəyir ki, Azərbaycan hal-hazırda nəinki türk-müsəlman aləmində, həm də dünya geosiysətində önəmli rola malik ölkələrdən birinə çevrilmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk dövlətləri Təşkilatı bu gün türk ailəsinin kimlik modelidir. İqtisadi inteqrasiya, siyasi ideoloji birlik konsepsiyaları təşkilatın möhkəmliyini sübut edən faktora çevrilib. Hal-hazırda Azərbaycanın təşkilata rəhbərlik etməsi ölkəmizin regionda və dünyada siyasi, iqtisadi gücə malik olduğunu göstərir.
Rahim Həsənov
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin
Tarix və epiqrafika şöbəsinin rəhbəri,
tarix üzrə fəlsəfə doktoru








