Sonuncu İlisu sultanı Daniyal bəyin (1803 – 1871) fotoşəkli hesab edilən yeni tapıntı
İyn 12, 2025 | 01:02

Sabit Rəhmanın Ev-Muzeyinin baş fond mühafizi, Şəki Regional Elmi Mərkəzlə əməkdaşlıq edən müstəqil tədqiqatçı Aydın Məmmədov Gəncədə İlisu sultanı Daniyal bəyə məxsus olduğu güman edilən fotoşəkilə rast gəlib. Aydın Məmmədovun fotoşəkil haqqında məlumatlarını və həmin fotoşəkili elmi ictimaiyyətə təqdim edirik.

 “İndiyədək sonuncu İlisu sultanı Daniyal bəyin (1803 – 1871) yalnız rəssam tərəfindən çəkilmiş iki şəkli bizə məlum idi və onlar bir-birlərinə çox bənzəyirdi. Lakin Daniyal bəyin olması hesab edilən bir fotoşəkil də var ki, bu heç kimə məlum deyildi, yalnız Gəncədə yaşayan Yelisuyskilər ailəsinin üzvlərindən başqa. Hansı ki həmin fotoşəkil əsr yarımdır ki onların ailə arxivində qorunub saxlanılırdı və özlərinin razılığı ilə ilk dəfə biz indi həmin fotoşəkil haqqında məlumatları ictimailəşdirəcəyik.

6 X 9 sm ölçüdə olan bu fotoşəklin arxa üzündə ortada fransızca fotoqrafiya atelyesinin adı həkk olunub:  “Atelier photographique  T.Michailides”. Sonradan bu adın yuxarısına qara rəngli karandaş, yaxud tuşla ərəb əlifbası ilə “Məhəmməd Müxlis paşa ...mızın qayın pədəri (yəni qayınatası) Daniyal sultan”, aşağısına isə mürəkkəblə rus dilində “Daniyal sultan İlisunun sonuncu xan hakimi 18 (Даниель Султан последний владетель хан Елису 18) ” yazılmışdır.

Məlumdur ki, rus ordusunun general-mayoru olan Daniyal bəy 3 ordenlə təltif edilmişdi: 1). 3-cü dərəcəli müq. Stanislav ordeni; 2). 3-cü dərəcəli müq. Vladimir ordeni; 3). 2-ci dərəcəli müq. Anna ordeni.  Şəkildəki şəxs də rus ordusunun general-mayoru rütbəsindədir (o dövrdə mayor və general-mayor poqonlarında indiki kimi bir yox, iki ulduz olurdu) və Daniyal sultanın təltif edildiyi ordenlərin hər biri onun sinəsindədir. Yalnız bir uyğunsuzluq var: Daniyal bəyin ordenlərində qılıncların olması bizə məlum deyil, amma şəkildəki ordenlərin hamısı qılınclıdır. Bu sahə üzrə tanınmış mütəxəssis və “Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri”nin təsisçisi Eldar İsmayılov bizə bildirdi ki, qılıncsız orden almış şəxs bir müddət sonra həmin ordenin qılıncları ilə də təltif oluna bilər və bundan sonra kiçik qılınclar həmin ordenə bərkidilir. “Bu, bir ay və ya bir neçə ildən sonra ola bilərdi. Amma ali fərman olmalı idi. Və imperatorun ordeni qılınclarla təltif etdiyi hərbi fərq olmalı idi”. Lakin Daniyal bəyin ordenlərinin qılıncları ilə təltif edilməsi barədə hələlik biz hər hansı bir məlumata təsadüf etməmişik.

Fotoşəkil hal-hazırda Gəncədə yaşayan 73 yaşlı Vaqif Yelisuyskidədir. Lakin o, Daniyal sultanın nəslindən deyil, Məhəmməd Müxlis paşanın nəslindəndir, hansı ki adı fotoşəklin arxasında qeyd edilmişdir; Məhəmməd Müxlis paşanın nəvəsinin – Ədilxanın, nəvəsidir. Məhəmməd Müxlis paşa XIX əsrin ortalarında Şəkidə milis rəisi olmuş, sonra Türkiyəyə mühacirət etmiş və türk ordusunun general-mayoru rütbəsinə yüksəlmişdi (kiçik qardaşı Seyfulla paşa isə türk ordusunun general-polkovniki olub).  Məhəmməd Müxlis paşanın iki, yaxud üç arvadı vardı. Bir arvadı Daniyal sultanın qızı, o biri arvadı isə İsgəndər xan Xoyskinin qızı idi. İki oğlu olub: Cəfərqulu və Əhməd xan. Birincisi İstanbuldakı Qaraca Əhməd qəbiristanlığında, ikincisi isə Şəkidəki Xan qəbiristanlığında dəfn edilmişdir (bu barədə ““Naməlum” Əhməd xanın məlum məzarı” adlı məqaləmizə baxa bilərsiniz). Vaqif Yelisuyski isə Şəki xan qəbiristanlığında dəfn olunmuş Əhməd xanın nəticəsidir.