Şəki Regional Elmi Mərkəzdə Elmi Şura iclası keçirilib
Apr 30, 2025 | 03:00
May ayının 30-da AMEA-nın Şəki Regional Elmi Mərkəzində növbəti Elmi Şura iclası keçirilib.
İclasda 13 nəfər Elmi Şura üzvü, şöbə rəhbərləri və elmi işçilər iştirak ediblər.
İclası açan Şəki REM-in baş direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib, gündəlik səsə qoyularaq qəbul edilib.
Gündəlikdəki ilk məsələ "AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin 7 may 2025-ci il tarixli 8-1/3-130/2025 nömrəli məktubu əsasında müzakirələrin aparılması" haqqında Şəki REM-in Elmi katibi Vəfa Atayeva məlumat verib. O, məktubun icrası ilə əlaqədar hazırlanan təklifləri səsləndirib.
Direktor Yusif Şükürlü təkliflərə əlavə olaraq Şəki Regional Elmi Mərkəzin nəşri olan kitablardan istifadə zamanı istinadların verilməsi haqqında təklifin göndərilməsi zərurətini qeyd edib, təkliflər səsə qoyularaq qəbul olunub və qısa zamanda AMEA-nın Rəyasət Heyətinə göndərilməsi barədə qərar qəbul edilib.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası"nın təsdiq edilməsi haqqında 16 yanvar 2025-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 14 aprel 2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş "AMEA-nın Tədbirlər Planı" haqqında Şəki REM-in Elektron xidmətlər şöbəsinin rəhbəri Namiq Abdurahmanov danışıb.
İclasda Şəki REM-in əməkdaşlarına tədbirlər planında rəqəmsallaşma ilə bağlı əksini tapan bəndlər üzrə müvafiq məsələlərlə əlaqədar lazımi elektron xidmətlərin göstərilməsi barədə qərar qəbul olunub.
AMEA-nın Rəyasət Heyətinin "AMEA-nın vəzifə nomenklaturası"nın təsdiq edilməsi haqqında 10 fevral 2025-ci il tarixli 7/4 nömrəli qərarından irəli gələn vəzifələr barədə məlumatları İnsan resursları şöbəsinin rəhbəri Ülviyyə Osmanova nəzərə çatdırıb, əməkdaşları yeni nomenklatura ilə tanış edib.
Şəki Regional Elmi Mərkəzin elmi-tədqiqat şöbələrində elmi və elmi-təşkilati işlərin təşkilinin cari vəziyyəti haqqında şöbə rəhbərləri məlumat veriblər.
Elmi Şuranın qərarına əsasən şöbələrdə aparılan elmi və elmi-təşkilati işlər qənaətbəxş hesab edilib.
Cari məsələdə Azərbaycan Respublikası Prezidentinin "Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında" 04 aprel 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Rəyasət Heyətinin 01 may 2025-ci il tarixli 12/1 nömrəli qərarından irəli gələn vəzifələr haqqında Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbəri Təranə Abdullayeva danışıb. Bildirib ki, iyun ayında bu məsələ ilə bağlı elmi seminarın keçirilməsi planlaşdırılır.