
Şəki Regional Elmi Mərkəzdə "28 May Müstəqillik Günü"nə həsr edilmiş tədbir keçirilib
May 26, 2025 | 03:00
May 26, 2025 | 03:00
26 may 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin, YAP Şəki Rayon Təşkilatının birgə təşkilatçılığı ilə "28 May Müstəqillik Günü"nə həsr edilmiş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçmiş övladların xatirəsi yad edilib.
Tədbiri açan Şəki REM-in baş direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü əbədi, daimi və dönməz olan müstəqilliyimizin tarixi köklərinin 1918-ci ildən qidalandığını, müstəqillik yolunda Azərbaycan Xalq Cümhuriyyətinin milli mənlik şüurunun yaranması, tarixi-mədəni yaddaşın bərpası kimi önəmli missiyanı yerinə yetirdiyini nərəzə çatdırıb, tədbir iştirakçılarını bu milli bayram münasibətilə təbrik edib və sözü Yeni Azərbaycan Partiyası Şəki Rayon Təşkilatının sədri Daşqın Mikayılova verib.
Daşqın Mikayılov 28 may tarixini xalqımızın qürur günü adlandırıb. Qeyd edib ki, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini imzalayan Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi, cəmi 23 ay ömür sürdü, lakin müstəqil və milli dövlətçilik tariximizdə şanlı səhifəyə dönüşdü. Daşqın Mikayılov milli ruh, müstəqillik, dövlətçilik uğrunda ömürlərini fəda edən siyasi xadimlərin iradəli, əzmkar, mübariz ruhunun, keşməkeşli və məşəqqətli həyat yolunun gənclər üçün örnək olduğuna diqqət çəkib. Məruzəçi 90-cı illərdə müstəqilliyini bərpa edən Azərbaycanın Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dünya arenasında əldə olunmuş nailiyyətlərdən, bu siyasi xəttin uğurla davam etdirilməsində misilsiz xidmət göstərərək Vətənimizin bütövlüyünü təmin edən cənab Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemində, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətindəki qətiyyətli addımlarından qürurla danışıb.
Sonra Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov arxiv materiallarından, elmi ədəbiyyatlardan əldə edilmiş faktlara istinad edərək tezislər şəklində Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən süqutuna qədərki 23 aylıq dövrün şərhini verib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə 300-dən çox ilkə imza atan bir dövlət kimi tarixə düşüb. Şərqdə və türk dünyasında ilk parlamentli respublika olan, qadınlara ilk dəfə seçki hüququ verən AXC-nin ən xırda nüanslara diqqət yetirərək siyasi arenada addımladığını vurğulayıb. Həmçinin hansı səhv addımlar nəticəsində dövlətin süqut etməsi səbəbləri ilə bağlı faktlara işıq tutub.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasını AXC-nin varisi adlandırmasının siyasi əhəmiyyətini diqqətə çatdırıb, Ulu öndərin məqsədyönlü və qüsursuz siyasi strategiyasını davam etdirən Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindəki zəfərini yalnız tarixi torpaqlarımızın bərpası istiqamətində deyil, eyni zamanda Azərbaycanın dünya arenasındakı rolunun və yerinin müəyyənləşməsində də əhəmiyyətli gediş olduğunu deyib.
Daha sonra "Azərbaycan Respublikasının milli müstəqilliyinə aparan yol" haqqında videoçarx nümayiş etdirilib.
Sonda Şəki REM-in nəşri olan kitablar Daşqın Mikayılova hədiyyə edilib.