
Oğuzda "Konstitusiya və Suverenlik İli" çərçivəsində seminar keçirilib
May 14, 2025 | 03:00
May 14, 2025 | 03:00
Oğuzda "Konstitusiya və Suverenlik İli" çərçivəsində seminar keçirilib
14 may 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Oğuz rayonu Əjdər Mahmudov adına Qarabulaq kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində məktəblilərin maarifləndirilməsi məqsədilə "Azərbaycanın müstəqilliyi Şimal-qərb bölgəsinin ekoloji problemlərinin həllində dönüş nöqtəsi kimi" mövzusunda seminar keçirilib.
Seminarda müəllimlər və şagirdlər iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri açan Qarabulaq kənd tam orta məktəbin direktoru Elçin Yusubov qonaqları salamlayıb, tədbirin birgə təşkilinə təşəbbüs göstərdikləri üçün Şəki REM-in baş direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlüyə və kollektivə minnətdarlığını bildirib. Qeyd edib ki, "Konstitusiya və Suverenlik İli" ilə bağlı bu cür mötəbər tədbirin keçirilməsində Qarabulaq kənd tam orta məktəbinin tərəfdaş kimi seçilməsi olduqca qürurvericidir və gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulması üçün zəmin yaradır.
Sonra söz məruzəçilərə verilib.
Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılova "Ekologiya və ətraf mühitin mühafizəsi müstəqillik dövründə: çağırışlar və imkanlar" adlı çıxışında Azərbaycan Respublikası Konstitusiyasının 39-cu "Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır" maddəsini əsas gətirərək, sağlam və ekoloji təmiz mühitin yaradılmasında insanların üzərinə düşən vəzifə borclarından danışıb və şagirdləri təbiətə qayğı və məsuliyyətlə yanaşmağa, onu qorumağa, ekosistemin mühafizəsi istiqamətində dövlətə dəstək olmağa çağırıb. İqlim dəyişikliklərinə qarşı mübarizənin təkcə ekologiya ilə bağlı deyil, həm də sosial ədalət, insan hüquqları və qlobal təhlükəsizlik məsələsi olduğunu qeyd edib.
Sonra Qarabulaq kənd tam orta məktəbin direktor müavini Cavid Qocayev Qarabulaq kəndinin coğrafi mövqeyi, relyefi, iqlim şəraiti, təbii və mineral su ehtiyaları, bitki örtüyü və heyvanat aləmi haqqında geniş məlumat verib.
Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Xəzər Bəşirov "Azərbaycanın "yaşıl enerji" hədəfləri və yaşıl enerjinin ekoproblemlərin həllində rolu" mövzusunda çııxış edərək
“yaşıl enerji”dən istifadənin iqlim dəyişikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa kömək etməsindən, "yaşıl enerji" sənayesinin inkişafı nəticəsində yeni iş yerlərinin yaranaraq davamlı inkişaf üçün vacib amil olmasından, “yaşıl enerji”dən istifadənin havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynamasından danışıb.
"Azərbaycanın Oğuz rayonu ərazisində səhralaşma problemi" mövzusunda çıxış edən Landşaftşünaslıq şöbəsinin elmi işçisi Murad Qəhrəmanov Şəki REM-də şimal-qərb regionu üzrə tədqiqatların aparıldığını deyib, Oğuz rayonu üzrə səhralaşma prosesinin iqlimdən asılılığını müəyyən etmək üçün gündəlik aparılan meteoroloji monitorinqlərin nəticələri, hava sirkulyasiyasında olan istiqamət dəyişmələri haqqında məlumat verib. Rayonda səhralaşma prosesinin digər bölgələrdə olduğu kimi relyef, iqlim, bioloji səbəblərlə yanaşı, antropogen təsirdən irəli gəldiyini diqqətə çatdırıb və şagirdlərə problemlərin həlli yolları istiqamətində tövsiyələrini verib.
Daha sonra Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev "Oğuz destinasiyasının Azərbaycan turizmində rolu" adlı çıxışında zəngin mineral-xammal ehtiyatları, gözəl meşə örtüyü, isti-mineral bulaqları, tarixi-mədəni abidələri, əsrarəngiz təbiəti ilə seçilən kurort-turizm imkanlarına sahib Oğuz destinasiyasının Azərbaycan turizmində böyük əhəmiyyətə malik olmasından bəhs edib.
Sonda Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğ.ü.f.d. Qafqaz Ağabalayev çıxış edərək tədbirə ev sahibliyi edən Qarabulaq kənd tam orta məktəbin direktoru və kollektivinə Şəki REM-in direktoru və əməkdaşları adından minnətdarlığını bildirib, hər iki təşkilat tərəfindən "Təşəkkürnamə"lər təqdim edilib. Şəki REM-in nəşri olan kitablar məktəbin kitabxanasına hədiyyə olunub.
Müzakirələr çay süfrəsi ətrafında davam etdirilib.