Şəkidə yeni şəlalə qeydə alınıb
May 13, 2025 | 03:00
May 13, 2025 | 03:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğ.ü.f.d. Qafqaz Ağabalayev shrem.az saytına məlumat verib. Bildirib ki, şöbənin əməkdaşı Elvin Qarayev tərəfindən 5 - 6 may 2025- ci il tarixlərində Şin kəndindən təxminən 7-8 km (hava xətti ilə) şimal-şərqdə yerləşən və əsas sel ocaqlarından biri olan Bırkaş (Salavat aşırımı ilə Böyük Qoruq dağları arası ərazi) qolu və eyni adlı dərədə ekoloji monitorinq işləri aparılıb. Çay yatağındakı gətirmə konusların həcmi, suyun səviyyəsi və digər ölçmələr zamanı suyun səviyyəsinin yüksəldiyi və gətirmə konuslarının həcminin artdığı müəyyənləşdirilib.
Həmçinin əməkdaşın Böyük Qoruq dağının şimal yamacında baş verən səthi eroziya ilə bağlı tədqiqatlar apararkən sözügedən ərazidə ( Şin kəndindən hava xətti ilə 7.3 km ) heç bir elmi mənbədə qeyd olunmayan, dəniz səviyyəsindən 1290 metr hündürlükdə yerləşən və koordinatları 41°23′24″ N, 47°10′51″ E olan yeni şəlalə qeydə aldığını söyləyib. Qeyd edib ki, hündürlüyü 18 metr, eni 1.05 metr olan şəlalənin ətrafı boz qayalıq relyef olduğu üçün şəlaləyə Elvin Qarayev tərəfindən “Boz qaya şəlaləsi” adı verilib. Qafqaz Ağabalayev onu da əlavə edib ki, şəlaləyə gedən yol çay yatağı boyu kanyonvari dərədən (hər iki tərəfində 2500-2700 hündürlükdə olan dağlar yerləşir) keçir, ətraf ərazilər zəngin meşə landşaftı ilə əhatə olunub. Bundan başqa sözügedən şəlalənin suyundan nümunə götürülərək Şəki REM-də laborator şəraitdə yoxlamalar aparıldığını və tərkibində 18,9° C temperaturda 8.36 pH olduğunun müəyyənləşdirildiyini bildirib.
Vurğulayıb ki, bütün bunları nəzərə alaraq minerallarla zəngin içməli suyun və rəngarəng meşə landşaftının mövcud olduğu bu ərazinin yüksək turizm potensialına malik olduğunu rahatlıqla söyləmək mümkündür.








