Şəki Regional Elmi Mərkəzdə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib
May 08, 2025 | 01:00
08 may 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib.
Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov çıxış edərək bütün ömrünü və fəaliyyətini Azərbaycana, azərbaycançılığa həsr etmiş Ulu Öndərin Azərbaycanın parçalanmasına cəhd edən separatçı meyilləri aradan qaldıraraq xalqın, millətin, dövlətin yaşayıb var olması üçün ömrünün sonuna qədər mübarizə apardığını və müstəqil Azərbaycanı bizlərə miras qoyub getdiyini deyib. Diqqətə çatdırıb ki, Ümummilli Liderin Vətənin təhlükəsizliyi və inkişafı üçün apardığı siyasətin nəticəsidir olaraq 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ulu Öndərin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu Qarabağı işğaldan azad etdi.
Şəki REM-in Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirin çıxışında yalnız müstəqil dövlətin deyil, həm də milli məfkurənin yaradıcısı olan Ümummilli Lider Heydər Əliyevin ədəbiyyata və ədəbi şəxsiyyətlərə qayğısından danışıb. Qeyd edib ki, Ulu Öndər milli ideologiyanın yaranmasında ədəbiyyatın mühüm rol oynadığını, milli kimliyim dərk edilməsində bədii əsərlərin müstəsna yerinin olduğunu, milli şüurun formalaşmasında tarixin araşdırılması ilə yanaşı, ədəbiyyatın öyrənilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildiyi üçün ədəbiyyata qayğısını əsirgəmirdi. Hüseyn Cavidin nəşinin Vətənə gətirilməsinin, Aşıq Ələsgərin, Aşıq Alının, Nizami Gəncəvinin, "Kitabi-Dədə Qorqud"un yubileylərinin qeyd edilməsinin, N.Gəncəvi, İ.Nəsimi, M.P.Vaqif, M.Ş.Vazeh, N.Nərimanovun heykəllərinin qoyulmasının Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısının, uzaqgörən siyasətinin nəticəsi olduğunu əlavə edib.
Daha sonra geol.-min.ü.f.d. Hüseyn Mustafabəyli, Şəki REM-in YAP-nın sədr müavini Yusif Rəhimov çıxış edərək Ulu Öndərin dövlət təhlükəsizlik orqanları, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətlərdə Azərbaycanın inkişafı və tərəqqisi istiqamətində göstərdiyi xidmətlərdən danışıblar.
Ümummilli liderin ruhuna dualar oxunub.
Sonda Ümummilli lider Heydər Əliyevin həyatını əks etdirən videoçarx nümayiş etdirilib.