Balakəndə "Akademik Yaqub Mahmudovun elmi fəaliyyətində Şimal-qərbi Azərbaycan məsələləri" mövzusunda elmi-praktiki konfrans keçirilib
May 06, 2025 | 06:00
06 may 2025-ci il tarixində Balakən Rayon Mədəniyyət Mərkəzində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun və Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Yaqub Mahmudovun anadan olmasının 85 illiyi münasibətilə "Akademik Yaqub Mahmudovun elmi fəaliyyətində Şimal-qərbi Azərbaycan tarixi məsələləri" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda Balakən rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə akademik Yaqub Mahmudovun əsərlərindən, Tarix və Etnologiya İnstitutunun Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən kitablardan ibarət sərgiyə baxış keçirilib.
Sonra akademikin həyat və fəaliyyətini əks etdirən sənədli filmdən kadrlar nümayiş etdirilib.
Konfransı açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qonaqları salamlayıb, belə mötəbər tədbirin məhz Balakəndə keçirilməsindən məmnunluğunu ifadə edib, görkəmli alim, akademik Yaqub Mahmudovun Azərbaycan elminə verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, Şimal-qərbi Azərbaycan mövzusu Yaqub Mahmudovun elmi yaradıcılığında aparıcı xətdir, lakin bütünlükdə Azərbaycan tarixinin öyrənilməsində, tarixi faktların aşkara çıxarılmasında alimin yeri və rolu danılmazdır.
Şəki REM-in baş direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü çıxış edərək tədbirin belə yüksək səviyyədə təşkilinə görə tərəfdaşlara və əməyi olan hər kəsə minnətdarlığını bildirib, akademikin təlatümlü ömür yoluna nəzər salaraq, gəncliyini elmə fəda edən qocaman şəxsiyyətin müəllifi olduğu minlərlə elmi əsərin dərin zəkanın, zəhmətin məhsulu olduğunu qeyd edib və məhz akademikin gərgin əməyinin, uğurlu elmi-araşdırmalarının, Qarabağ, Naxçıvan, İrəvanla bağlı fundamental tədqiqatlarının nəticəsində Qarabağın hüquqi və etnik kimliyi sübut edildiyini əlavə edib.
Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Kərim Şükürov akademik Yaqub Mahmudovun 85 illik yubileyinin qeyd edilməsinin "elm bayramı" olduğunu diqqətə çatdırıb. Kərim Şükürov bildirib ki, dövlətçilik ənənələrinin inkişafında Yaqub Mahmudovun rolunu və əhəmiyyətini nəzərə alsaq, bugünkü tədbirin məhz "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilməsinin mahiyyəti aydın olar. Qeyd edib ki, Azərbaycan tarixinin ana dilində ən gözəl ifadəsi məhz hörmətli akademik Yaqub Mahmudovun adı ilə bağlıdır və o, ana dilini tarixin dilinə çevirib dövlətçilik ənənələrinin inkişaf etdirilməsində əzmlə xidmət edərək təkcə Şimal-qərb bölgəsinin deyil, sistemli şəkildə Azərbaycan tarixinin öyrənilməsində əvəzsiz xidmət göstərən nadir şəxsiyyətlərdəndir.
Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Akif Məmmədli "Şimal-qərbi Azərbaycan-qədim tarixi abidələr diyarı" mövzusunda çıxış edərək tarixi abidələrin milli kimliyimizin, dövlətimizin və dövlətçiliyimizin var olmasındakı önəmindən danışıb və gəncləri tarixə və tarixi abidələrə sahib çıxmağa səsləyib. O, Balakənin həssas bir bölgə olmasını nəzərə alaraq bugünkü tədbirin burada keçirilməsinin əhəmiyyətini vurğulayıb, üç böyük elmi müəssisənin bu tədbirə təşkilatçılıq etməsinin tədbirin yüksək elmi potensialını nümayiş etdirdiyini diqqətə çatdırıb.
"Qərbi Azərbaycan mövzusu akademik Yaqub Mahmudovun "İtirilmiş torpaqlar" elmi-tədqiqat istiqamətində" adlı məruzə ilə çıxış edən t.e.d., dos. Güntəkin Nəcəfli Yaqub Mahmudovun yaradıcılığından Qərbi Azərbaycan mövzusunun qırmızı xətlə keçdiyini deyib. O, "İrəvan dəftərləri" qeydləri, arxiv materialları əsasında İrəvanın qədim Azərbaycan torpaqları olması ilə bağlı faktların onomastik materiallarla sübuta yetirilməsinin məhz Yaqub Mahmudovun təşəbbüsü olduğunu nəzərə çatdırıb.
Tarix üzrə fəlsəfə doktoru, dos. Ellada Bəkirova "Azərbaycan Albaniya dövlətinin qərb sərhədləri" adlı çıxışında qədim Albaniyanın sərhədlərinin Tiflis ətrafındakı ərazilərə qədər gedib çıxmasından, burada etnik tərkib baxımından qeyri-iber əhali qruplarının yaşamasından, ərazidə türkdilli toponimlərin, xristianlığa qədərki dövrə aid olan Alban məbədlərinin mövcudluğundan danışıb və bütün bunların bu ərazilərin türklərin qədim torpaqları olduğunu sübut etdiyini nəzərə çatdırıb.
Tarix üzrə fəlsəfə doktoru, dos. Şirinbəy Əliyev "Azərbaycana qarşı ərazi iddialarında ingiloy problemi" mövzusunda məruzə edib.
Bildirib ki, Yaqub Mahmudovun yaradıcılığında öz müsbət həllini tapmış məsələlərdən biri də ingiloy problemidir. Bu problem XVIII əsrdən başlayır, əsas məqsəd ölkənin daxildən parçalanıb idarə edilməsi üçün ingiloyların gürcüdən dönmə olduğunu sübut etmək və beləliklə də onların yaşadıqları ərazilərin tarixi gürcü torpağı olduğunu isbat etməkdən ibarət idi. Lakin məhz akademik Yaqub Mahmudovun rəhbərliyi ilə qədim bir etnosun milli kimliyinin üzə çıxarıldığını və onların heç bir etnakonsepsionar əhali qrupuna aid olmadıqlarının, müstəqil etnos olduqlarının sübuta yetirildiyini diqqətə çatdırıb.
Tarix üzrə fəlsəfə doktoru, dos. Ənvər Məmmədov "Şimal-qərbi Azərbaycanda çarizmin müstəmləkəçilik rejiminə qarşı müqavimət hərəkatı" adlı məruzəsində Rusiyanın apardığı 85 illik əməliyyatlar zamanı itkilərini statistik rəqəmlərlə təqdim edib. Rəqəmlərə əsasən bu əməliyyatlarda öldürülən 13 rus generalından 2-nin, zabit və əsgərlərin 40%-nin məhz şimal-qərbi Azərbaycanın payına düşdüyünü qeyd edib. Bolşevik hakimiyyətinə qarşı yönələn Nuxa-Zaqatala üsyanının bu mübarizənin kulminasiya nöqtəsi olduğunu və bütün bunların bölgənin əhalisinin cəsarətindən xəbər verdiyini vurğulayıb.
Tarix üzrə fəlsəfə doktoru, dos. İradə Əliyeva "Çarizmin Şimal-qərbi Azərbaycanda zorakı xristianlaşdırma siyasəti" mövzusunda məruzə edib. Qeyd edib ki, akademik Yaqub Mahmudovun Azərbaycan tarixi üçün gördüyü mühüm işlərdən biri də on minlərlə arxiv sənədinin Vətənimizə gətirilərək elmi-tədqiqata cəlb edilməsidir. Məruzəçi bu sənədlər içərisində zorakı xristianlaşdırma ilə bağlı 120 səhifəlik sənədin əhəmiyyətindən danışarkən bildirib ki, 1850-1860-cı illərdə Qaxdakı ingiloyların zorakı xristianlaşdırılması, eləcə də onların adlarının gürcü adları ilə əvəz edilməsi faktları aşkarlanıb ki, bu da ingiloyların türk olması faktını sübut edir.
Daha sonra Tarix və Etnologiya İnstitutunun doktorantları çıxış ediblər.
Qeyd olunub ki, akademik Yaqub Mahmudov bütünlükdə Azərbaycan tarixinin öyrənilməsi, tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində əvəzedilməz xidmətləri ilə gənclərə örnək olan bir şəxsiyyətdir.
Sonda akademik Yaqub Mahmudov konfransın təşkil edilməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib, gəncləri dövlətçiliyimizin qorunması yolunda mühüm əhəmiyyət kəsb edən tariximizi unutmamağa, gələcək nəsillərə təbliğ etməyə çağırıb.
Konfransın rəsmi hissəsi başa çatdıqdan sonra ədəbi-bədii kompozisiya nümayiş etdirilib.