AMEA-nın Şəki Regional Elmi Mərkəzində Xocalı faciəsinin 33-cü ildönümünə həsr edilmiş tədbir keçirilib
Fev 06, 2025 | 12:00
26 fevral 2024-cü il tarixində Şəki Regional Elmi Mərkəzin Akt zalında Xocalı faciəsinin 33-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Şəki REM-in elmi işlər üzrə direktor müavini bio.ü.f.d. Fərhad Əzizov çıxışında Xocalı faciəsinin yaddaşlardan silinməyəcəyini söyləyib. O, bu gün dünyaya öz gücünü göstərən Azərbaycan xalqının tarixi keçmişini əsla unutmayacağını, gələcəyə doğru tarixdən dərs alaraq addımlayacağını bildirib.
Sonra Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.e.d., dos. Kamil Adışirinov Xocalı soyqırımı zamanı ermənilərin insanlığa sığmayan vəhşilikləri barədə danışıb. Xocalı soyqırımının Katın qətliamı və Hiroşima Naqasaki soyqırımlarından sonra dünyada üçüncü ən böyük soyqırım olduğunu, Xocalı soyqırımına ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini diqqətə çatdırıb.
Sonra söz Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənova verilib. O, "Erməni köçləri və Qafqazda gərginlik ocaqlarının yaranması" adlı çıxışına akademik Yaqub Mahmudovun "İrəvan xanlığı" əsərindən "Ermənilərin Qafqaza köçürülməsi ilə etnik münaqişələrin əsası qoyuldu" sözləri ilə başlayıb. Qeyd edib ki, doğurdan da Qafqaz hər zaman münaqişələrlə üzləşib, bunlar əsasən torpaq uğrunda , dövlətlərin sərhədlərinin genişləndirilməsi uğrunda aparılan münaqişələr olsa da, ermənilərin Qafqaza köçürülməsi ilə bu, etnik münaqişə səciyyəsi daşıyır.
Rahim Həsənov ermənilərin Qafqaza ilk köçünün 1441-ci ildən, Qaraqoyunlu hökmdarı Cahan şahın dövründən başlandığı, bu prosesin getdikcə daha geniş vüsət aldığı, ermənilərin alban məbədlərini özününküləşdirmə siyasəti, sonrakı dövrlərdə "Türkmənçay" və "Ədirnə" müqavilələri ilə ermənilərin kütləvi surətdə Azərbaycan ərazilərinə köçürülməsi, əsrlərlə xalqımıza qarşı törədikləri soyqırımlar, terrorlar haqqında geniş məruzə edib. Xocalı soyqırımının hərtərəfli, düşünülmüş siyasi addım olduğunu vurğulayıb. Xocalının tarixində Azərbaycan mədəniyyətinə aid mühüm arxeoloji abidələrin özünəməxsus yer tutduğunu, ermənilərin burada həyata keçirdikləri soyqırımın bir məqsədinin də azərbaycanlılara məxsus mədəniyyəti yer üzündən silmək olduğunu diqqətə çatdırıb.
Çıxışının sonunda bu gün "Dəmir yumruq" əməliyyatının gücünün düşmənlərimizi diz çökdürməyə, dünyanı Azərbaycan adlı məmləkətin ərazi bütövlüyünü tanımağa sövq etməsinə, Xocalı qurbanlarının qisasının alındığına diqqət çəkib.
Daha sonra Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi Tural Adışirinov "Xocalı faciəsi bədii ədəbiyyatda" adlı məruzə ilə çıxış edib. O, xalqın fəryadının dünyaya və gələcək nəsillərə çatdırılmasında ədəbiyyatın vacib rolunun olduğunu diqqətə çatdıraraq, Nüsrət Kəsəmənli, Fikrət Qoca, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Nurəngiz Gül, Ələmdar Quluzadə, Ələkbər Salahzadənin poeziya eləcə də Aqil Abbas, Maya İmran, Meyxoş Abdulla, Elxan Elatlı, Ulduz Qasımlının nəsr, Hüseynbala Mirələmov, Vaqif Əlixanovun dramaturgiya nümunələri olan, Xocalı soyqırımı hadisələrini əks etdirən əsərlər haqqında məlumat verib. Tural Adışirinov onu da əlavə edib ki, Xocalı faciəsi nəinki Azərbaycan yazarlarının, eləcə də dünya yazarlarının (türk, italyan, fransız) bədii əsərlərinin mövzusu olmuşdur ki, bu da dünyanın bu soyqırımı hadisəsini tanıması faktını bir daha təsdiq edir.
Sonda Tural Adışirinov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin və əldə olunan zəfərlərin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Xocalı şəhidlərinin ruhunu da şad etdiyini bildirib.