AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Zaqatala şəhərində keçirilən maarifləndirmə təlimində iştirak ediblər
Fev 24, 2025 | 11:20
Şəki REM-in əməkdaşları- N.Abdurahmanov, Y.Rəhimov və X.Bəşirov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Əqli Mülkiyyət Agentliyinin köməyi ilə “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən “Əqli mülkiyyət hüququ sahiblərinin müdafiə potensialının artırılması” layihəsi çərçivəsində keçirilən təlimdə iştirak ediblər.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında təşkil olunan tədbiri Hüquqi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, Bakı Dövlət Universitetinin dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov açaraq təlimin məqsədinin yaradıcı şəxslərin əqli mülkiyyət hüquqlarının qorunması və yaradıcılıq nəticələrindən istifadə ilə bağlı biliklərinin genişləndirilməsi, onların yaradıcılıq potensialının gücləndirilməsi istiqamətində görülən işlərə dəstək verilməsi və yaradıcılıq məhsullarını yaradıcı şəxslərin maddi-mənəvi və sosial təminatının yüksəldilməsinə yönəltmək olduğunu diqqətə çatdırıb. O, tədbirin əqli mülkiyyət hüquqları sahiblərinin sahə üzrə biliklərinin təkmilləşdirilməsinə fayda verəcəyinə ümid etdiyini vurğulayıb.
Sonra Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin hüquqşünası Aydın Kərimov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Daha sonra təlimə cəlb olunmuş yaradıcılıq təşkilatlarının üzvləri - rəssamlar, yazıçılar, musiqiçilər, elm adamları və digər intellektual mülkiyyət sahibləri ilə birlikdə mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı bu istiqamətdə problemlərin həllində belə tədbirlərin müsbət praktiki əhəmiyyətinin olduğu qeyd edilib.