AMEA-nın Şəki REM-də Naxçıvanın 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Okt 11, 2024 | 04:00
11 oktyabr 2024-cü il tarixində Şəki REM-də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı "Naxçıvan və Şəki-Zaqatala landşaftları-oxşar və fərqli cəhətlər" mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə Şəki Dövlət Regional Kollecin biologiya müəllimi Tahir Məmmədov və tələbələr, Şəki REM-in elmi işçiləri iştirak ediblər.
Tədbiri açan Şəki REM-in elmi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizov qonaqları və iştirakçıları salamlayıb, çıxış üçün sözü Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol-min.ü.f.d. Hüseyn Mustafabəyliyə verib.
Hüseyn Mustafabəyli "Naxçıvan Muxtar Respublikasının landşaft xüsusiyyətləri haqqında" adlı məruzə söyləyib. O, Muxtar Respublika ərazisinin geoloji quruluşu, iqlimi, relyefi, landşaft qurşaqları faydalı qazıntıları, mineral suları, Qırmızı kitaba düşən heyvan və bitkiləri haqqında geniş məlumat verib, onların Şəki-Zaqatala bölgəsi ilə oxşar cəhətlərini vurğulayıb.
Bitkilərin biomüxtəlifliyi və Genofond şöbəsinin aqronomu İlqar Seyidzadə "Landşaftların formalaşmasında və bərpasında istifadə edilən ağac və kol bitkiləri" mövzusunda çıxış edib. Məruzəçi Naxçıvanın bitki örtüyü barədə məlumatları nəzərə çatdırıb, ərazi üçün xarakterik olan ağac və kol bitkiləri haqqında məlumat verib.
Elmi-praktik konfrans müzakirələr ətrafında davam edib.