Okt 10, 2024 | 04:00
AMEA-nın Şəki REM-nin əməkdaşları-direktor, fiz.ü.f.d., dos. Yusif Şükürlü, Elmi katib Vəfa Atayeva, elmi işçilər Zərintac Şükürova və Ayşən Salmanova 09-10 oktyabr 2024-cü il tarixlərində AMEA-nın Gəncə bölməsində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən “Təbii ehtiyatlar və tullantıların alternativ enerji mənbəyi kimi emalının aktual problemləri” mövzusunda respublika elmi konfransında iştirak ediblər.
Dosent Yusif Şükürlü konfransın açılışında çıxış edərək təşkilatçılara dəvət üçün minnətdarlığını bildirib, konfransın işinə uğurlar arzulayıb. O, bugünkü ekoloji problemin həlli yollarının araşdırılmasında elmi əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb.
Ekoloji biofizika şöbəsinin elmi işçisi Ayşən Salmanova “Bombyx Mori və Saturnia Pyri ipəkqurdu baramalarından ipək istehsalı prosesində ortaya çıxan pupların ekoloji səmərəliliyinin və qida əhəmiyyətinin qiymətləndirilməsi aspektləri” mövzusunda məruzə edib. Məruzəçi adı çəkilən ipəkqurdu puplarının mineral tərkibinin öyrənilməsi üçün spektroskopik metodlardan istifadə edilərək tədqiqatların aparıldığını qeyd edib və əldə edilən nəticələr haqqında məlumatları diqqətə çatdırıb.
Ekoloji biofizika şöbəsinin elmi işçisi Zərintac Şükürova COP 29 ərəfəsində təşkil edilən konfransda iştirak etməsindən məmnunluğunu ifadə edib.








