AMEA-nın Şəki Regional Elmi Mərkəzində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
Sen 26, 2024 | 01:09

26 sentyabr 2024-cü il tarixində Şəki Regional Elmi Mərkəzdə Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının və AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli 1/3 nömrəli qərarının icrası ilə bağlı Şəki Regional Elmi MərkəzinTədbirlər Planına uyğun olaraq “Məhəmməd Əmin Rəsulzadə - mühacirətdə bitən ömür” adlı dəyirmi masa keçirilib.

Dəyimi masanı açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb, bu gün Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin dövlət səviyyəsində qeyd edilməsinin cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsi olduğunu vurğulayıb və sözü Şəki REM-in Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, fil.e.d., dos. Kamil Adışirinova verib.

Kamil Adışirinov “Məhəmməd Əmin Rəsulzadə mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi kimi” mövzusunda məruzə edib. O, Rəsulzadənin mühacirət dövrü ədəbi fəaliyyətinin məhsulu olan “Əsrimizin Səyavuşu”, “Azərbaycan Cümhuriyyəti”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Azərbaycan şairi Nizami” əsərlərini geniş şərh edərək, bu əsərlərin Azərbaycan ədəbiyyatı, ədəbiyyatşünaslığı üçün əhəmiyyətini maraqlı faktlarla diqqətə çatdırıb.

Daha sonra söz Tarix, axreologiya və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənova verilib. Məruzəçi Məhəmməd Əmin Rəsulzadənin siyasi düşüncəsini sosializm, türkçülük, islamçılıq və siyasi realizm ideyaları fonunda öyrənməyin vacibliyini vurğulayıb. Qeyd edib ki, Rəsulzadə bolşevizmdən uzaq, sosial-demokrat idi, o öz fikirlərində milli ideyalara söykənirdi, bolşevizmdə isə milli ideyadan söhbət gedə bilməzdi. Rahim Həsənov Rəsulzadənin daim geniş xalq kütləsinin mənafeyi uğrunda mübarizə apardığını, ömrünün yarısını mühacirətdə keçirməsinə baxmayaraq, Azərbaycanın hər zaman var olması uğrunda ideyalarla çıxış etdiyini, böyük ictimai-siyasi xadim olduğunu nəzərə çatdırıb.

Tədbir müzakirələr ətrafında davam etdirilib.