AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları “Oğuz və Qəbələ folkloru” kitabının təqdimatında iştirak ediblər
Apr 25, 2024 | 06:00

25 aprel 2024-cü il tarixində Oğuz Rayon Mərkəzi Kitabxanasında “Oğuz və Qəbələ folkloru” kitabının təqdimatı keçirilib. Təqdimatda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları- Elmi katib Vəfa Atayeva, Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Ulduz Mürşüdova, şöbə müdiri Təranə Abdullayeva, şöbənin k.e.işçisi Tural Adışirinov, Elektron informasiya şöbəsinin müdiri Namiq Abdurahmanov, Ekoloji biofizika şöbəsinin elmi işçisi Ayşən Salmanova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova, Kitabxana müdiri Günel Musayeva, Aygün Əlizadə və Şəfəq Məmmədova, həmçinin Oğuz, Qəbələ və Mingəçevir ziyalıları, şəhid ailələri, məktəblilər iştirak ediblər.

Əvvəlcə, Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yusif Rzayev qonaqları salamladıqdan və kitabın yaranma tarixi haqqında məlumat verdikdən sonra sözü Oğuz Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Ehsan Əhmədova verib. Ehsan Əhmədov Yusif Rzayevin uzunmüddətli, gərgin fəaliyyətini yüksək qiymətləndirdiyini deyib və ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Sonra söz dosent Ulduz Mürşüdovaya verilib. O, Oğuz rayonunun multikulturalizmin ən gözəl nümunəsini yaşadan bir bölgə olduğunu söyləyib. Ulduz Mürşüdova qeyd edib ki, kitab Oğuz rayonu ərazisində dostluq və qardaşlıq şəraitində yaşayan azsaylı xalqların adət-ənənələrinin, folklorunun tədqiqata cəlb edilməsi, öyrənilməsi üçün zəngin material verir.

Onu da qeyd edək ki, “Oğuz və Qəbələ folkloru” adlı antologiyada Oğuz və Qəbələ rayonlarının adət-ənənələrini və folklorunu əks etdirən nümunələr - inam və etiqadlar, toponimlər, bayatılar, laylalar, uşaq oyunları, el oyunları, tapmacalar, əfsanələr, rəvayətlər, nağıllar, lətifələr, atalar sözləri, məsəllər və s. toplanmışdır. Kitabın tərtibçisi Şəki REM-in Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin sabiq əməkdaşı Yusif Rzayev, elmi redaktoru Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi İradə Yusifova, rəyçiləri-fil.ü.f.d., dos. Kamil Adışirinov, fil.ü.f.d.,dos.Ulduz Mürşüdovadır.

Daha sonra söz AYB-nin Oğuz bölməsinin sədri Vüsal Oğuza verilib. Vüsal Oğuz Yusif Rzanın təkcə tədqiqatçı deyil, eyni zamanda, gözəl şair olduğunu nəzərə çatdırıb, ona elmi və bədii yaradıcılığında yeni nailiyyətlər diləyib.

Tədbirdə, həmçinin Oğuz Rayon Mərkəzi kitabxanasının direktor əvəzi Nəzakət Qasımova, Şəki REM-in əməkdaşları, “Qəbələnin səsi” Ədəbi Birliyinin sədri Şəhla Xəlilqızı, Oğuz Rayon Təhsil Sektorunun nümayəndəsi Günel Abdullayeva, Elza Gülməmmədova, şair Cəlil Xeyirbəy, şair Şükufə İbrahimova, şair Nazim Hüseynli, Marita xanım və başqaları kitab haqqında fikirlərini bölüşüb, müəllifi təbrik ediblər.

Şəki REM-in Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin müdiri Təranə Abdullayeva Şəki REM-in direktoru, fiz.ü.f.d.,dos. Yusif Şükürlünün təbrikini çatdırıb və Fəxri fərmanı təqdim edib.

Oğuzun Xaçmaz kəndinin IX sinif şagirdi Vüsal İmanlı şəhidlərə aid şeirini səsləndirib.

Sonda xatirə fotoşəkilləri çəkilib.