Apr 24, 2024 | 05:03
24 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli 1/2 nömrəli qərarının icrası ilə bağlı AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan və Şəki teatrı: ədəbi-mədəni əlaqələr kontekstində” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Şəki REM-in əməkdaşları, Şəki Dövlət Dram Teatrının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü ümummilli lider Heydər Əliyev kimi fenomen şəxsiyyətin teatrı müqəddəs yer hesab etməsindən, onun teatr sənətinə verdiyi yüksək qiymətdən, Azərbaycan Respublikası Prezidentinin teatra olan diqqət və qayğısından danışıb və sözü Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Kamil Adışirinova verib.
Kamil Adışirinov “Naxçıvan və Şəki teatrı: ədəbi-mədəni əlaqələr” mövzusunda çıxış edib. Məruzəçi çıxışında elmi əsərlərdən və qəzet səhifələrindən əldə edilən materiallar əsasında Şəki və Naxçıvan teatrlarının yaranma tarixindən, 1970-ci illərdən başlayaraq teatrlar arasında yaranan ədəbi-mədəni əlaqələrdən danışıb. O qeyd edib ki, Naxçıvan Şəki teatr əlaqələrinin ilk nümunəsi Sübhi Çəngərli tərəfindən Salam Qədirzadənin “Novruzqulu xoruz buraxır” əsərinin “Hardasan ay cavanlıq” adı altında məhz Şəkidə səhnələşdirilməsi ilə başlayır. Kamil Adışirinov əlavə edib ki, sonralar da Naxçıvan Şəki ədəbi-mədəni əlaqələrinin davamı olaraq Şəki teatrında K.Qoldoninin “Mehmanxana sahibəsi”, Sofoklun “Elektra”, H.Cavidin “Azər”, “Ana”, C.Məmmədquluzadənin “Kişmiş oyunu”, “Dəli yığıncağı”, “Kamança” kimi əsərləri səhnələşdirilib.
Daha sonra söz Şəki Dövlət Dram Teatrının Ədəbi hissə rəhbəri Lalə Məmmədovaya verilib. Məruzəçi çıxışında Şəki teatrının müasir vəziyyəti və qarşıda duran öhdəliklər haqqında geniş məlumat verib. O qeyd edib ki, Şəki Dövlət Dram Teatrı beynəlxalq teatr festivallarına ev sahibliyi edib, teatrın əməkdaşları müxtəlif ölkələrdə və şəhərlərdə qastrol səfərlərində olub, rejissor və aktyor heyəti Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə fəxri adlar, döş nişanları ilə təltif ediliblər. Lalə Məmmədova həmçinin, dinləyiciləri teatrın 2024-cü il repertuarı ilə tanış edib, Şəki REM-in əməkdaşlarını teatra dəvət edib.
Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənov Naxçıvan Şəki tarixi mədəni əlaqələrinin kifayət qədər qədim tarixə söykəndiyini faktlarla diqqətə çatdırıb. O, Sovet Rusiyası dövründə Naxçıvanın nəinki Şəki, hətta digər şəhərlərlə də əlaqələrinin yaradılmasının mümkün olmadığından, lakin ulu öndər Heydər Əliyevin səyləri nəticəsində çox çətinliklə də olsa, bu əlaqələrin davam etdirilməsindən danışıb. Məruzəçi həmçinin, Şəki Dram Teatrının repertuarını, aktyorların fəaliyyətlərini yüksək qiymətləndirdiyini dilə gətirib və onlara uğurlar arzulayıb.
Təqdim edilən məruzələri dinlədikdən sonra Şəki REM-in elmi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizov Naxçıvan, Şəki teatrları arasında ədəbi-mədəni əlaqələrin qənaətbəxş olmadığını əsas gətirərək, Naxçıvanın 100 illiyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən nəzərdə tutulan tədbirlərdə Şəki, Naxçıvan teatrlarında bu əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə tamaşaların qoyulmasını məqsədəuyğun hesab edib. Şəki Dövlət Dram Teatrının 145 illik yubileyi ilə əlaqədar keçiriləcək festivala Naxçıvan teatrının dəvət edilməsini təklif edib və bunun mədəni əlaqələrin genişləndirilməsində önəmli addım olacağını vurğulayıb.