AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Kanal S televiziyasının "Məclisi şüəra" adlı ədəbi verilişinin qonağı olublar
Mart 05, 2024 | 01:00
05 mart 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları-Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Ulduz Mürşüdova, şöbə rəhbəri Təranə Abdullayeva, şöbənin kiçik elmi işçisi, şair Tural Adışirinov, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Reyhan Mənəfova Kanal S televiziyasının "Məclisi şüəra" adlı ədəbi verilişinin qonağı olublar.
Qeyd edək ki, verilişin budəfəki buraxılışı Novruz çərşənbələrindən olan Yel çərşənbəsinə həsr olunub.
Verilişin aparıcısı, Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli qonaqları salamladıqdan sonra sözü Ulduz Mürşüdovaya verib. Ulduz xanım çıxışında Novruz adətləri, bu bayram zamanı həyata keçirilən rituallar, xalqın inanc sistemi haqqında məlumat verib.
Daha sonra söz Təranə Abdullayevaya verilib. O təkcə Novruz adətləri deyil, xalqımızın mətbəx və süfrə mədəniyyəti, bayram süfrəsi və yeməkləri barəsində danışıb. Şair Tural Adışirinin, şair Reyhan Miqdadqızının, bədii qiraətçi Dilbər Yaqubovanın səsləndirdikləri şeirlər, Şəki Folklor qrupu muğam üçlüyünün möcüzəli ifaları verilişə rəngarənglik gətirib.
Mövzu çərçivəsində müzakirələr çay süfrəsi ətrafında davam edib.