Şəki REM-in akt zalında "Azərbaycan dili və Məhəmməd Əmin Rəsulzadə şəxsiyyəti” mövzusunda seminar keçirilib
Fev 21, 2024 | 06:00
21 fevral 2024-cü il tarixində Şəki REM-in akt zalında "Azərbaycan dili və Məhəmməd Əmin Rəsulzadə şəxsiyyəti” mövzusunda seminar keçirilib. Seminarda Şəki REM-in elmi işçiləri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Şəki REM-in Elmi katibi Vəfa Atayeva Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında danışıb, Dövlət Proqramının 6.2.3.-cü bəndində dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə mütəmadi olaraq maarifləndirmə tədbirlərinin və təlimlərin təşkil edilməsinin nəzərdə tutulduğunu qeyd edib. O əlavə edib ki, tədbirin vaxtının məhz 21 fevral tarixinə təyin edilməsinin səbəbi YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında Beynəlxalq Ana Dili Günü kimi təsis edilməsindən irəli gəlir. Beynəlxalq Ana Dili Gününün 2000-ci ildən dünyada dil və mədəniyyət müxtəlifliyini qoruyub saxlamaq üçün qeyd olunması hər bir xalqın həm də öz dilinə olan hörmət və ehtiramının göstəricisi olduğunu söyləyib.
Sonra söz Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin kiçik elmi işçisi Aygül Xəlilovaya verilib. Aygül Xəlilova “Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan dili” adlı çıxışında 1918-ci il 27 iyun tarixli 175 saylı qərarı ilə Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında ilk rəsmi sənədin mahiyyətini açıqlayaraq, bu mühüm faktın böyük bir addım olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, məhz bu qərardan sonra Azərbaycan dilinin geniş şəkildə tətbiq olunması üçün münbit şərait yaranıb. Məruzəçi həmçinin, Məhəmməd Əmin Rəsulzadənin dili dindən daha qüvvətli amil hesab etməsinin əhəmiyyətindən danışıb. O, Rəsulzadənin “hətta dini izah etmək üçün dilə gərək var” fikirlərini əsas tutaraq, dilin yad ünsürlərdən təmizlənməsi, ana dilimizi qorumağın ən yaxşı vasitələrindən biri olaraq folklora müraciət olunması kimi vacib məsələlərə aydınlıq gətirib.
Məruzə ətrafında müzakirələr aparılıb.