AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları “Turizm inkişaf planı”nın müzakirəsində iştirak ediblər
Fev 16, 2024 | 01:11

12-14 fevral 2024-cü il tarixlərində Şəki Destinasiya Menecmenti Təşkilatı və Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Turizm inkişaf planı”nın hazırlanması istiqamətində sənaye nümayəndələrilə görüş keçirilib və müzakirələr aparılıb. Qeyd edək ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən turizmin mövcud vəziyyəti və gələcək inkişaf istiqamətlərini özündə birləşdirən, hazırlanmaqda olan “Destinasiya İnkişaf Planı” adlı strategiya sənədinin əsas məqsədini regional turizm idarələrinin növbəti 5 ildəki fəaliyyətlərinə istiqamət verilməsi təşkil edir.

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizovun shrem.az saytına verdiyi məlumata əsasən, görüşdə BMT-nin İnkişaf proqramının (UNDP) layihə eksperti Don Taylor, BMT-nin İnkişaf Proqramının Azərbaycanda turizmin inkişafı layihəsinin yerli turizm eksperti Aida Bayramova, Şəki Regional Elmi Mərkəzinin əməkdaşları- elmi işlər üzrə direktor müavini, bio. ü. f. d. Fərhad Əzizov və Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılova, Şəki Regional Turizm İdarəsinin rəisi Vüqar Abbasov, Kamran Məmmədov, Qax rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əfəndi Mahir, Qax rayonu Ləkit kəndi Bal Evi - Arıçılıq kompleksinin rəhbəri Bədrəddin Həsrətov, İlisu Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru Azər Qocayev, “Khanland Extreme” Əyləncə Mərkəzinin baş direktoru Tahir Muradov və bir çox turizm subyektləri iştirak ediblər.

Görüşdə AMEA-nın Şəki REM-in elmi işlər üzrə direktor müavini bio. ü. f. d. Fərhad Əzizov çıxış edib. O, şimal-qərb bölgəsində turizmin inkişafının stimullaşdırılmasında önəmli addımlara ehtiyac olması, turizmdə klasterləşmənin tətbiqi və kənd turizminin paradiqmasına uyğun logistik fəaliyyətlərin gücləndirilməsi, turizmdə beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi, xüsusən də xarici bazar konyukturuna uyğun qiymətlərin və turizm məhsullarının hazırlanması və təqdim olunmasının əhəmiyyətindən danışıb. Fərhad Əzizov həmçinin Şəki, Qax, Zaqatala və Balakən üzrə bir sıra dünya və ölkə əhəmiyyətli abidələrin, yeni turizm rekreasiya zonalarının təqdim olunan klasterlərə əlavə edilməsinin önəmli olduğunu vurğulayıb, bu sahədə fəaliyyətlərin gücləndirilməsi və əlaqələrin yaradılması məqsədilə regional turizm logistik mərkəzin yaradılması təklifini irəli sürüb.

Görüşdə iştirak edən Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılova çıxışında Qax rayonu ərazisindəki mövcud rekreasiya ehtiyatları, mineral və termal sular əsasında istirahət-müalicə obyektlərinin yaradılmasının əhalinin sağlamlığı baxımından önəmli olduğunu diqqətə çatdırıb, eyni zamanda bu addımın işsizlik probleminin həllində müsbət rol oynayacağını da qeyd edib.

Şəki REM-in təqdim etdiyi təkliflər sırasında Ekoloji coğrafiya şöbəsinin rəhbəri, c. ü. f. d. Qafqaz Ağabalayev tərəfindən 2018-ci ildə qeydə alınan Kiş çayının Damarçın qolu üzərindəki “Xudgər” və 2023-cü ildə qeydə alınan “Meşəbaşı” şəlalərinin, Danaveç yaylasının və həmçinin “Baş Şabalıd” biogeosenozunun xüsusi mühafizə olunan təbiət ərazisi olaraq klasterlərə əlavə edilməsi kimi əhəmiyyətli məsələlər də yer alıb.

Təqdim olunan təkliflərin qəbul edildiyi və “Destinasiya İnkişaf Planı” adlı strategiya sənədində nəzərə alınacağı bildirilib.