AMEA-nın Şəki Regional Elmi Mərkəzində illik hesabatların dinlənməsi davam etdirilib
Noy 17, 2023 | 04:21

17 noyabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Tut ipəkqurdunun seleksiyası” və “Bitkilərin biomüxtəlifliyi və genofond” şöbələrinin elmi işçilərinin 2023-cü il üzrə fərdi hesabatları dinlənilib. Əvvəlcə “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin elmi işçisi Aqil Mustafayev ““Tut ipəkqurdunun seleksiyası” şöbəsində patentləşdirilmiş cins və hibridlərin pasportlaşdırılması” işi üzrə hesabat verib. O, nəticə olaraq rayonlaşdırılmış cins və hibridlərin müvafiq nəzarət hibridi ilə müqayisədə 1 qutu qrenadan yaş barama məhsulu hesabına verdiyi iqtisadi səmərənin ŞZEM-4x GE-143, GE-143x ŞZEM4 hibridlərində və GE-143, ŞZEM4 cinslərində ötən ilə nisbətən yüksək olduğunu bildirib. Hesabat dinlənildikdən sonra alınan nəticələrin işin adına uyğunlaşdırılması məsləhət bilinib.

“Tut ipəkqurdunun seleksiyası” şöbəsinin elmi işçisi Zərintac Şükürovanın “” “Vəhşi ipəkqurdu üzrə tədqiqatların davam etdirilməsi” işi üzrə hesabatı dinlənilib. Qeyd olunub ki, 2023-cü ilin  yaz-yaz yemləmə mövsümündə qapalı şəraitdə 2500 ədəd yüksək keyfiyyətli S. pyri ipəkqurdunun baramaları əldə edilmişdir. Baramalar hərəsindən eyni miqdarda natrium karbonat və natrium bikarbonatın təmiz su əsaslı məhlulunda termiki işlənmə nəticəsində rahat açılmışdır. Baramalarin ipəklilik faizi 11.43%, fibroin 77%  olmuşdur. Pupun tərkibində 52,50% xam zülal, 27,89% yağ; 100 q yağında 25 mq alfa-tokoferol olması aşkarlanmışdır. Rentgen fluoressent analizi ilə S. pyri pupunun tərkibində 25 makro və mikroelement aşkarlanmış və onlardan K, Mg, Na, Ca, Al kimi elementlərin nisbi miqdarının daha yüksək olduğu müəyyən edilmişdir. AMEA-nın ŞREM-nin Baş Şabalıd biogeosenozunda (41°18′12′N – 47°07′1′E) 2023-cü il payız-qış monitorinqləri nəticəsində ərazidə 150 S. pyri sarınmış baraması qeydə alınmışdır.

“Tut ipəkqurdunun seleksiyası” şöbəsinin kiçik elmi işçisi Əliyə Kanjenbekova

“Yeni xətlər yaratmaq üçün intraduksiya olunmuş və yerli cinslərin bioloji göstəricilərinin təyin edilməsi” işi üzrə hesabatında yeni hibrid və xətlərin yaradılması, müxtəlif coğrafi mühitdən götürülmüş hibridlərin daha məhsuldar olması haqda nəticələri cədvəl üzrə təqdim edib.

“Bitkilərin biomüxtəlifliyi və genofond” şöbəsinin baş aqronomu İlqar Seyidzadə “Qax rayonu ərazisində yayılmış xalq seleksiyası sortlarına məxsus tumlu, çəyirdəkli meyvə nümunələrinin toplanması, kompleks öyrənilməsi, saxlanması, səmərəli istifadəsi” işi üzrə hesabatında Qax rayonundan götürülmüş ümumilikdə 10 növ müxtəlif adda tumlu və çəyirdəkli meyvə nümunələrinin bioloji xüsusiyyətlərinin öyrənildiyini, eyni zamanda, Şəki REM-in təcrübə sahəsində göz calağı edildiyini nəzərə çatdırıb.

Hər iki şöbənin əməkdaşları əldə olunan mühüm elmi nəticələrin müxtəlif yerli və beynəlxalq elmi dərgilərdə nəşr olunduğunu qeyd ediblər.