Noy 16, 2023 | 05:00
16 noyabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” və “Tarix, arxeologiya və epiqrafika” şöbələrinin elmi işçilərinin 2023-cü il üzrə fərdi hesabatları dinlənilib. Əvvəlcə “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Ulduz Mürşüdovanın “Azərbaycan Respublikasının şimal-qərb bölgəsinin (Şəki rayonu) folklor örnəklərində (rituallar, mərasimlər, adətlər) milli ənənələrin tədqiqi” işi üzrə hesabatında Şəki şəhəri və kəndlərində həyata keçirilən rituallar, mərasimlər və adətlərin tədqiqatı zamanı əldə edilən nəticələr təqdim olunub.
“Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Kamil Adışirinovun “Azərbaycan Respublikasının şimal-qərb bölgəsinin (Şəki rayonu) folklor örnəklərində (toylar: tostlar, alqışlar və xeyir-dualar) milli ənənələrin tədqiqi” işi üzrə hesabatı dinlənilib. Məzmun etibarı ilə bölgə əhalisinin məişətini və ailə münasibətlərini əks etdirən Şəkinin toy mərasimlərində istifadə edilən tost, alqış və xeyir-duaların tədqiqata cəlb edilməsindən alınan nəticələr qeyd edilib.
“Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin kiçik elmi işçisi Tural Adışirinovun “Azərbaycan Respublikasının şimal-qərb bölgəsinin (Şəki rayonu) folklor örnəklərində (mövsüm və məişət mərasimlərində) milli ənənələrin tədqiqi” işi üzrə hesabatı dinlənilib. O, Şəki rayonu və müxtəlif kəndlərində aparılan ekspedisiyalardan əldə edilmiş materiallar və əlyazma nümunələri, eləcə də elmi ədəbiyyatlardan istifadə edərək apardığı müqayisəli təhlillərdən əldə etdiyi mühüm nəticələri təqdim edib.
Sonra “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin elmi işçisi Təranə Abdullayeva “Azərbaycan Respublikasının şimal-qərb bölgəsinin (Şəki rayonu) folklor örnəklərində (yas mərasimlərində) milli ənənələrin tədqiqi” işi üzrə hesabat verib. O, yas mərasimlərinin ağı-dildemə, alqış, inanc, etiqad, başsağlığı, təsəlli, xeyir-dua, bəddua, qarğış kimi nümunələrinin tədqiq edilməsindən əldə edilmiş mühüm nəticələri təqdim edib.
Daha sonra “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin hesabatı dinlənilib. Əvvəlcə şöbənin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin “Balakən rayonu və kəndlərində xalq yaşayış evləri haqqında materialların toplanması və tədqiqi” işi üzrə dinləmə aparılıb. Hesabatda Akif Məmmədlinin Balakən rayonu və ətraf kəndlərində yerləşən XIX əsrə məxsus yaşayış evlərinin eksteryeri və interyeri haqqında detallı məlumatlar, onların günmüzdəki evlərlə müqayisəli təhlilləri və əldə edilmiş yeniliklər mühüm nəticələr şəklində əksini tapıb.
“Tarix, arxeologiya və epiqrafika” şöbəsinin elmi işçisi Ələddin Sultanovun “Balakən rayonu üzrə tarixi və etnoqrafik məzmunda olan arxiv sənədləri və əlyazmaların toplanması və tədqiqi” işi üzrə hesabatı dinlənilib. O, Balakən rayonu və 24 kəndi ərazisində yerləşən türbə, qəbirüstü abidə, məscidlərin kitabələri, eləcə də sözügedən ərazilərdəki yaşayış evlərindən əldə olunan XIX-XX əsrə aid ərəb dili və əlifbası ilə yazılan kitabələrdə, bölgə imam və qazilərinin ictimai həyatla bağlı qeydlərini əks etdirən 30 əlyazma əsasında aparılan tədqiqatlar haqqında məlumat verib və mühüm elmi nəticələri təqdim edib.
“Tarix, arxeologiya və epiqrafika” şöbəsinin elmi işçisi Elşən Abdurahmanov “Bölgədə Alban məbədi irsinin tədqiqi və öyrənilməsi istiqamətində arxeoloji tədqiqatların aparılması” işi üzrə hesabatı dinlənilib. Elşən Abdurahmanov Şəki rayonunun Baş Şabalıd kəndində aparılan arxeoloji qazıntıların nəticəsi olaraq ilk dəfə sözügedən kəndin ərazisində Yaloylutəpə mədəniyyətinin (e.ə.III-e.ə.I əsrlər) yayıldığı ərazilərdən olduğunun müəyyən edildiyini söyləyib. O qeyd edib ki, bu ərazidə antik dövr torpaq qəbirlərinin və ilk orta əsr xristian qəbirlərinin aşkarlanması ərazinin antik və ilk orta əsrlər yaşayış yeri olduğunu sübut edir.
“Tarix, arxeologiya və epiqrafika” şöbəsinin kiçik elmi işçisi Aygül Xəlilova “Balakən rayonu və kəndlərində milli geyimlərin, bəzək əşyalarının araşdırılması” işi üzrə hesabatında sözügedən bölgədə yaşayan xalqların qədim zinət əşyaları, ənənəvi qadın bəzəkləri, qədim milli geyimləri, dərzilik sənəti, kişi geyimləri, kustar istehsalı kimi məsələlərin tədqiq edilməsi zamanı əldə edilən nəticələri diqqətə çatdırıb.
“Tarix, arxeologiya və epiqrafika” şöbəsinin kiçik elmi işçisi Ülkər Sərkərova “Balakən rayonu və kəndlərində xalq mərasimləri, bayramlar haqqında etnoqrafik materialların araşdırılması” işi üzrə hesabatında Balakən rayonu və 24 kəndindən toplanan materiallar əsasında toy mərasimləri-qızbəyəmə, elçilik, nişan, toya dəvət, ətlik günü, bəy tərifi, gəlin atdanma, üzə çıxdı, yas mərasimləri və bayramlarla bağlı araşdırmaların nəticələrini təqdim edib.
Hər iki şöbənin əməkdaşları bildiriblər ki, əldə olunan mühüm elmi nəticələr müxtəlif yerli və beynəlxalq elmi dərgilərdə nəşr olunub.