AMEA-nın Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi daha bir dissertasiya işinin rəsmi apponenti olub
Sen 28, 2023 | 04:00

28 sentyabr 2023-cü il tarixində  AMEA–nın Şəki Regional Elmi Mərkəzinin “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Kamil Fikrət oğlu Adişirinov  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat kafedrasının doktorantı Aytən Cəfərqulu qızı Heybətovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına  Ədəbiyyat İnstitutunun İxtisaslaşmış Dissertasiya Şurasında müdafiə etdiyi “Paşa Qəlbinurun poeziyası” mövzusunda dissertasiya işinə rəsmi opponentlik edib.  

Kamil Adışirinov qeyd edib ki, tədqiqatın aktuallığı bir tərəfdən XX əsrin 80-ci illərində ədəbiyyata gələn və günümüzədək zəngin yaradıcılıq yolu keçən istedadlı şair-həkim Paşa Qəlbinurun poeziyasındakı fərdi üslubun ənənə və yenilik xüsusiyyətlərinin, şairin lirik “mən”inin təşəkkül və təkamül müəyyənliyinin və poeziyasının sənətkarlıq keyfiyyətlərinin öyrənilməsinə ehtiyacın özünü göstərməsi ilə bağlıdırsa, digər tərəfdən ümumilikdə çağdaş ədəbiyyatşünaslığımızın dolğun və obyektiv mənzərəsini yaratmaq işinə yardım etmək zərurəti ilə əlaqədardır. O vurğulayıb ki, çağdaş ədəbiyyatşünaslıqda Paşa Qəlbinurun yaradıcılığı müxtəlif istiqamətlərdə tədqiq edilib, iddiaçı A.C. Heybətovanın bu araşdırması şairin “Ay bir əlçim buluddur”, “Payız məktubu”, “Rəngli göz yaşları”, “İtmiş həsrət kimi”, “Ağlıma gələnlər başıma gəldi” kitablarına daxil olan poetik nümunələr əsasında aparılıb, müəllif P.Qəlbinur poeziyasının bədii-estetik mənzərəsini, fəlsəfi mahiyyətini aydınlaşdırmağa çalışıb və məqsədinə nail olub.

Sonda filologiya üzrə fəlsəfə doktoru, dosent Kamil Adişirinov iddiaçıya uğurlar arzulayıb, dissertasiyanın məzmunu ilə bağlı tövsiyə və təkliflərini bildirib.

Əməkdaşımızı ŞREM-in rəhbərliyi və kollektivi adından təbrik edir, ona elmi fəaliyyətində uğurlar arzulayırıq.