"Heydər Əliyev və azərbaycançılıq ideyasının daha dərindən öyrənilməsi"mövzusunda seminar keçirilib
Sen 26, 2023 | 05:00

26 sentyabr 2023-cü il tarixində Şəki Dövlət Regional Kollecdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycançılıq ideologiyasının daha dərindən öyrənilməsi" mövzusunda seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Şəki Dövlət Regional Kollecin metodisti Pərviz Zeynalov seminar iştirakçılarını və qonaqları salamlayıb və tədbirin işinə uğurlar arzulayıb. Şəki Regional Elmi Mərkəzin "Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya" şöbəsinin rəhbəri İradə Yusifova tədbirin respublikamızda Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı keçirilən silsilə tədbirlərin davamı olduğunu qeyd edib və "Müasir Azərbaycanın inkişafında gənclərin rolu" adlı məruzəsində ümummilli liderin gənclər siyasətindən, Prezident İlham Əliyevin bu uğurlu siyasətin davamı kimi gənclərə diqqət və qayğısından, bu sayədə gənclərin ölkənin inkişafında aparıcı qüvvəyə çevrilməsindən danışıb. O əlavə edib ki, Heydər Əliyev irsi bundan sonra da gənc nəsil üçün mayak rolunu oynayacaqdır. Daha sonra Şəki Dövlət Regional Kollecin metodisti Pərviz Zeynalov "Heydər Əliyev və Azərbaycan dövlətçilik ənənələrinin inkişafı" mövzusu ilə çıxış edib. O, çıxışında ulu öndərin dövlətçilik ənənələrinin təməlində Azərbaycançılıq məfkurəsinin dayandığını, milli ruhun yüksəldilməsi, milli özünüdərkin inkişaf etdirilməsi, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental siyasi məsələlərin milli ideologiyaya xidmət etdiyini vurğulayıb. Şəki REM-in "Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya" şöbəsinin elmi işçisi Təranə Abdullayeva "Heydər Əliyevin Azərbaycançılıq ideologiyası mərasim folklorunda" mövzulu məruzəsində ümummilli lider Heydər Əliyevin milli mərasimlərimizlə bağlı məsələlərə həssas yanaşaraq onların mədəniyyətimizdəki yerinə və dəyərinə diqqət yetirməsindən, mənəvi və mədəni irsimizə sahib çıxmasından bəhs edib. O nəzərə çatdırıb ki, milli bayram mərasimlərinin təşkil edilməsi, bayram tətillərinin genişləndirilməsi ulu öndərin və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin xalqın milli-mənəvi dəyərlərinə göstərdikləri sevgi və ehtiramın təcəssümüdür. "Heydər Əliyevin klassik irsə münasibəti" mövzusunda çıxış edən "Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya" şöbəsinin kiçik elmi işçisi, ŞREM-in Gənc alim və mütəxəssislər şurasının sədri Tural Adışirinov dahi Heydər Əliyevin ədəbiyyata qayğısının bariz nümunəsi kimi şair və yazıçıların yaradıcılığının tanıdılması, xatirələrinin əbədiləşdirilməsi ilə bağlı gördüyü işlərdən danışıb. Ümummilli liderin Azərbaycan ədəbiyyatına göstərdiyi xidmətləri faktlarla dinləyicilərin nəzərinə çatdırıb.