AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “İctimaiyyətlə əlaqələr” şöbəsinin rəhbəri Reyhan Mənəfovanın “Sükutun səsi” adlı şeir kitabının təqdimat mərasimi keçirilib
Sen 04, 2023 | 12:00
03 sentyabr 2023-cü il tarixində Türk dünyasının dahi şairi Bəxtiyar Vahabzadənin Ev-Muzeyində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “İctimaiyyətlə əlaqələr” şöbəsinin rəhbəri Reyhan Mənəfovanın “Sükutun səsi” adlı şeir kitabının təqdimat mərasimi keçirilib. Kitab Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə edilməsi və ərazi bütövlüyünün qorunması uğrunda şəhid olan həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Respublikanın müxtəlif bölgələrindən olan ziyalılar, mədəniyyət işçiləri, şəhid ailələrinin nümayəndələri, həmçinin şairin ailə üzvləri və qohumları iştirak ediblər. Təqdimatın aparıcısı AYB-nin Şəki bölməsinin sədri, şair, publisist, nasir Vaqif Aslan Reyhan Miqdadqızını oxuculara təqdim etdikdən sonra sözü Bəxtiyar Vahabzadənin Ev-Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyliyə verib. Elşən müəllim qonaqları salamlayıb və bu cür tədbirə ev sahibliyi etdiklərindən qürur duyduqlarını bildirib. Tədbirdə çıxış edən Şəki REM-in “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin rəhbəri Rahim Həsənov Reyhan xanımın yalnız ədəbi istiqamətdə deyil, eyni zamanda elmi istiqamətdə də fəaliyyətinin olduğunu, bu sahədə kifayət qədər elmi nailiyyətlər qazandığını vurğulayıb. Daha sonra söz Şəki REM-in “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin aparıcı elmi işçisi, fil.üzrə fəlsəfə doktoru, dosent Kamil Adışirinova verilib. Kamil Adışirinov kitabın adının “Sükutun səsi” seçilməsini uğurlu hal kimi qiymətləndirib. O qeyd edib ki, müəllif kitabda olan şeirlərdə ədəbi dilin norma və üslub xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, qafiyə quruluşu və formanın qaydalara uyğun şəkildə düzülüşünə önəm verib, bədii ifadə vasitələrindən yüksək sənətkarlıqla istifadə edib. Bütün bunların şairin şeirlərinin məzmununa xələl gətirmədən dolğun mənanın ifadə olunmasına kömək etdiyini əlavə edib və bu peşəkarlığın əsas səbəbini Reyhan Miqdadqızının ixtisasını mükəmməl bilməsində görüb. Şəki REM-in Elmi katibi Elşən Abdurahmanov çıxışında Reyhan Miqdadqızının uğurunu bütövlükdə Şəki Regional Elmi Mərkəzin uğuru kimi qiymətləndirib. O qeyd edib ki, Mərkəzin digər savadlı və istedadlı kadrları da var və onlar öz sahələrində sözün əsl mənasında mütəxəssisdirlər. Ümid edirik ki, Elmi Mərkəzin uğurları bundan sonra da davam edəcək, yeni tədqiqat əsərlərinin ərsəyə gəlməsi reallaşacaqdır deyə o əlavə edib. Sonra Milli Azərbaycan Tarix Muzeyinin “Təsviri materiallar” fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifovaya söz verilib. Nardanə xanım çıxışında Reyhan Miqdadqızının elmi fəaliyyəti ilə paralel bədii fəaliyyətlə məşğul olmasına, onun bitib-tükənmək bilməyən enerjisinə heyran qaldığını söyləyib. Reyhan xanıma yaradıcılıq uğurları arzulayıb. Şəki REM-in “Ədəbi-mədəni mühit, folklor və epiqrafika” şöbəsinin kiçik elmi işçisi, AYB-nin üzvü, şair Tural Adışirinov Reyhan Miqdadqızının yaradıcılığında yeni detalların olduğunu vurğulayıb. AYB-nin üzvü, “Qızıl qələm” və “İlin vətənpərvər şairi” media mükafatları laureatı Zaur İlhamoğlu Reyhan Miqdadqızının şeirlərində səmimiyyətin, məhrəmliyin olduğundan, onların şairin daxili dünyasını əks etdirdiyindən, oxucunun məhz bu şeirlərlə Reyhanı duya biləcəyindən danışıb. Şəki ədəbi mühitinin nümayəndəsi şair-pedaqoq Aqşin İbrahimxəlilov Reyhan Miqdadqızının şeirlərindən nümunə gətirərək onları yüksək sənətkarlıqla təhlil edib. “Sükutun səsi” kitabının rəssamı Asim Abbasov kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib və müəllifə yeni yaradıcılıq uğurları arzulayıb. Şəki Mərkəzi Kitabxanasının “Xidməti abonoment” şöbəsinin müdiri Dilbər Yaqubova, məktəbli Selcan Mənəfova şairin şeirlərini səsləndiriblər. Tədbirdə həmçinin, Şəki “Yuxarı Baş” Dövlət Memarlıq Qoruğunun direktor müavini Vasif Paşayev, Şəki REM-in “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Sultanov Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin üzvü Rafiq Xəlil, şəhid Ziya Nurməmmədovun atası Zabil Nurməmmədov, Güc İdman növləri üzrə 5 qat dünya çempionu Şərif Şükürov, M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı Aydın Məmmədov, Şəki Regional Elmi Mərkəzin əməkdaşı Habil Xəlilov, Şəki REM-in əməkdaşları müəllifə gələcək fəaliyyətində daha böyük nailiyyətlər diləyiblər.
Sonda Reyhan Miqdadqızı tədbirin təşkil olunmasında dəstək olduqları üçün muzeyin rəhbərliyinə, eyni zamanda, diqqət göstərib, vaxt ayırıb təşrif buyuran bütün qonaqlara təşəkkürünü bildirib, yaradıcılığından şeirlər səsləndirib.