Türk filologiyası şöbəsində aparılan tədqiqatlar Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafına töhfə verir
Avg 08, 2023 | 03:00

Azərbaycanda milli-ideoloji düşüncənin formalaşması, mənəvi dəyərlərimizin, tarixi köklərimizin tədqiq və təbliği işinə hələ sovet dövrünün ən mürəkkəb illərində xüsusi diqqət ayıran Ulu Öndər Heydər Əliyev respublikada türkoloji düşüncənin inkişafı üçün şərait yaradıb. Ümummilli Liderin siyasi-ideoloji fəaliyyətində Türk dünyası məsələlərinin araşdırılması aktual problemlərdən birinə çevrilib. AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsində aparılan elmi-tədqiqat işlərinin əsas prioritet istiqaməti də Azərbaycan-Türkiyə arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına təkan verməkdir. 1966-cı ildən başlayaraq institutda Şərq xalqları ədəbiyyatı şöbəsi tərkibində ayrıca qrup, sonra isə müstəqil fəaliyyət göstərən Türk filologiyası şöbəsi Azərbaycan türkologiya elminin inkişafında mühüm rol oynayıb. Şöbənin ilk müdiri akademik Həmid Araslı olub.

Bu fikirləri açıqlamasında Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, dosent Səriyyə Gündoğdu söyləyib. O bildirib ki, Türk filologiyası şöbəsi fəaliyyət göstərdiyi ildən bu günədək Azərbaycan-Türkiyə və ümumtürk ədəbi və mədəni əlaqələrin inkişafında, xüsusilə türk ədəbiyyatının hər sahəsində folklor, divan ədəbiyyatı, yeni türk ədəbiyyatı, eləcə də türk dili, qədim yazılı abidələrin tədqiqinə dair geniş araşdırmalar aparılıb. Eyni zamanda, Azərbaycanın klassik şairləri Nizami Gəncəvi, Xətai, Füzuli və digər şairlərin ədəbi irsinin Şərq şeirinə təsirini aydınlaşdıraraq onların Şərq ədəbiyyatı, o cümlədən türk xalqları ədəbiyyatındakı yerinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli işlər görülüb.

Yaradıldığı vaxtdan indiyədək Türk filologiyası şöbəsində Türk ədəbiyyatının tədqiqinə dair yüzdən çox elmi əsər, əlliyə yaxın kitab, yüzlərlə elmi məqalə və tərcümə sahəsində elmi əhəmiyyətli kitablar ərsəyə gətirilib. Kitablar arasında “Türk ədəbiyyatında satira”, “Füzuli və Türkiyə poeziyası”, “Türk şəxs adları (türk mənşəli şəxs adları sözlüyü)” (I-II cild), “Türk ədəbiyyatı tarixi” (I-II cild), “Qaracaoğlan”, “Əbdülhəq Hamid”, “Rəşad Nuri”, “Mehmet Akif Ərsoyun əsərlərində ictimai problemlərin bədii təcəssümü”, “Ziya Göyalp”, “Türkiyə ədəbiyyatında Dədə Qorqud”, “Sərvəti-fünun ədəbiyyatı”, “Günəşi içənlərin türküsü” (Nazim Hikmət), “Haldun Tanərin bədii nəsri”, “Nazim Hikmət yaradıcılığında Şərq”, “Türk ədəbiyyatında yeni hekayəçilik” və digər elmi əsərlər yer alır.

Vurğulanıb ki, Azərbaycan türkologiyasının inkişafına təkan verən tərcümələr də məhz Türk filologiyası şöbəsində aparılır. Əbu Hayr Ruminin üç cildlik “Saltuknamə” dastanı, “Türkiyə mətbuatında erməni məsələsi”, İsmət Bozdağın “Lətifə xanım - Atatürkün həyat yoldaşı”, Haldun Tanərin “Hekayələr” kitabı, Ə.Cəfəroğlunun redaktorluğu ilə 1942-1943-cü illərdə Türkiyədə nəşr etdirdiyi “Türk amacı” məcmuəsi, “Çar Rusiyasının Türkiyədəki siyasəti” (erməni məsələsi), Katib Çələbinin “Mizanül-Hak”, 1932-1934-cü illərdə Ə.Cəfəroğlunun redaktorluğunda nəşr olunan “Yurd Bilgisi” məcmuəsi, “1920-ci illər Azərbaycan mətbuatında Türkiyə ədəbiyyatının tədqiqinə dair materiallar” toplusu və digər elmi, ədəbi, ictimai dəyəri olan əsərlər tərcümə edilib. Türk filologiyasında görülən bu işlər Azərbaycan şərqşünaslığının inkişafına, eləcə də Azərbaycan-Türkiyə ədəbi və mədəni əlaqələrinin inkişafına xidmət edir.

Türk filologiyası şöbəsində fəaliyyət göstərən gənc əməkdaşlar, eləcə də dissertant və doktorantlar əsasən müasir dövr türk ədəbiyyatı və türk xalqlarının ortaq dəyəri olması baxımından dil üzərində də tədqiqat işləri aparırlar. Burada aparılan tədqiqatların əsas prioriteti Azərbaycan-Türkiyə arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi, türk ədəbiyyatı, dili, tarixi və nəzəriyyəsi baxımından ortaya çıxan yeniliklərlə Azərbaycan tədqiqatçılarını və ədiblərini, türkoloqlarını elmi məqalələr və elmi əsərlər vasitəsilə məlumatlandırmaq, elmi tədbirlər keçirərək fikir mübadiləsinə, yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinə nail olmaqdır. Bu mənada şöbənin ölkə şərqşünaslığının və Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafındakı xidmətlərini ana xətləri ilə ifadə edə bilərik. Belə ki, türk ədəbiyyatı və mədəniyyəti ilə əlaqədar elmi layihələr həyata keçirilir. Bunun üçün Türkiyədə və digər türk dövlətlərinin müvafiq qurumları ilə birgə beynəlxalq simpozium, konfrans və panellər təşkil edilir. Aparılan elmi -tədqiqat işlərini dünya elm çevrələri ilə bölüşmək üçün impakt faktorlu jurnallarda və bir sıra mötəbər elmi internet resurslarında məqalələr yayımlanır, eləcə də beynəlxalq elmi simpozium və konfranslarda iştirak edilir. Azərbaycan türkologiyasını inkişaf etdirmək missiyasını yerinə yetirmək üçün gənc doktorant və dissertantların yetişməsinə imkan yaradılır. Türk filologiyası şöbəsinin elmi-tədqiqat istiqamətinə aid olan türk dili, ədəbiyyatı, milli-mənəvi dəyərləri və eləcə də türk mədəniyyəti ilə əlaqədar Türkiyə və dünyada fərqlilik yarada bilmək üçün orijinal tədqiqat əsərləri ilə beynəlxalq proqramlarda iştirak edilir. Türkologiyanın əsas inkişaf istiqamətlərini nəzərə almaqla, doktorant və dissertantlara, eləcə də şöbə əməkdaşlarına dövlətin AMEA-nın qarşısında qoyduğu vəzifələrdən çıxış etməklə tədqiqat işlərində prioritet mövzuların seçilməsinə diqqət yetirilir.

Səriyyə Gündoğdu diqqətə çatdırıb ki, Türk filologiyası şöbəsinin strateji iş planı çərçivəsində əsas missiyası türk ədəbiyyatı və mədəniyyətini Azərbaycan ədəbiyyatı və mədəniyyəti arasındakı yanaşma ilə tədqiq etmək, qarşılıqlı müqayisələr aparmaqdır. Eyni zamanda, türkcə elmi və mənəvi dəyəri olan əsərləri Azərbaycan dilinə tərcümə edərək ölkəmizdə türk ədəbiyyatını təbliğ etməkdir. Bu məqsədlə hər il olduğu kimi cari ildə də elmin, təhsilin, ədəbiyyatın inkişafına və inteqrasiyasına töhfə verə biləcək məqalə və əsərlər nəşrə hazırlanaraq, beynəlxalq simpozium və konfranslarda iştirak edərək, beynəlxalq jurnalların elmi heyətində yer alaraq elmi çərçivədə dünya elminə və ictimaiyyətinə Azərbaycan şərqşünaslığını tanıtmağa nail olunub. Bu səpkidə aparılan işlər hər iki ölkənin elmi jurnallarında və internet resurslarının portallarında yer alır.

Son illər ərzində Türk filologiyası şöbəsi əməkdaşlarının Azərbaycan və Türkiyənin elmi jurnallarında iki yüzdən çox məqaləsi dərc olunub. Həmçinin onlar türkologiya ilə əlaqədar Türkiyənin bir çox şəhərlərində, habelə Tatarıstan (Rusiya), Qazaxıstan, Özbəkistan, ABŞ, Yaponiya, İtaliya, Fransa, Almaniya və Azərbaycanda təşkil olunan bir sıra beynəlxalq simpozium və konfranslarda fəal iştirak ediblər. Bununla da dünya türkoloqları arasında ölkəmizi təmsil edərək, Azərbaycan şərqşünaslıq elmini tanıtmağa nail olublar.

“Ümummilli Liderin türk dünyası ilə bağlı strateji hədəfləri, türkdilli dövlətləri bir araya gətirən mötəbər kürsülərdəki çıxışları, bir çox mühüm əhəmiyyət daşıyan tədbirlərin Azərbaycanda həyata keçirilməsi ölkəmizdə türkoloji tədqiqatları məzmunca yeni keyfiyyət müstəvisinə qaldırıb və bu sahədə elmi əlaqələrin miqyası daha da genişlənib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfər ölkəmizin Türk dünyasındakı nüfuzunu daha da gücləndirdi. Prezident İlham Əliyevin mühüm beynəlxalq tədbirlərdə, dünyanın müxtəlif ölkələrində yaşayan türk xalqlarının maddi-mədəni irsinin qorunması istiqamətində çağırışları türkoloji araşdırmaların məzmunca yenilənməsinə və aktual məsələlərin tədqiqinə geniş imkan yaradıb. Dövlətimizin başçısının Türk dünyasının mənəvi-siyasi birliyinin möhkəmlənməsi istiqamətində atdığı tarixi addımlar Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsində aparılan elmi-tədqiqatların inkişaf etdirilməsinə böyük stimul yaradır. Bu mənada Azərbaycan türkologiyası geniş perspektivlər vəd edir. Türk filologiyası şöbəsi bundan sonra da dövlətimizin AMEA-nın qarşısında qoyduğu vəzifələrdən çıxış edərək, dərin köklərə sahib olan Azərbaycan türkologiyasını inkişaf etdirəcək və ölkə şərqşünaslığına öz töhfəsini verəcək”, - deyə şöbə müdiri fikrini yekunlaşdırıb.

 AzərTac