AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan və Türk mədəniyyətinin inkişafında Şuşa ədəbi mühitinin rolu” (ədəbi məclislər kontekstində) mövzusunda seminar keçirilib
İyn 08, 2023 | 12:00

08.06.2023- cü il tarixində Şəki MKS-nin İ.S.Nakam adına mərkəzi kitabxanasında AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan və Türk mədəniyyətinin inkişafında Şuşa ədəbi mühitinin rolu” (ədəbi məclislər kontekstində) mövzusunda seminar keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Şuşa şəhərinin 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Sərəncamının icrasının təmin edilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 08 dekabr 2022-ci il 22/1 nömrəli qərarına əsasən 16 yanvar 2023-cü il tarixli 2/2 saylı qərarı ilə təsdiqlənmiş “Tədbirlər Planı”na dair təkliflərin tərkib hissəsini təşkil edib.

Seminarda Şəki REM-in “Folklorşünaslıq və el sənətləri”, “Tarixi İrs və Etnoqrafiya”, “İctimaiyyətlə Əlaqələr” şöbələrinin, həmçinin İ.S.Nakam adına mərkəzi kitabxananın əməkdaşları, 10  və 18 saylı orta məktəblərin müəllimləri, ASAN xidmət könüllüləri, Şəki Regional Tibb Kollecinin tələbələri iştirak ediblər.

Tədbiri açan Şəki MKS-nin İ.S.Nakam adına mərkəzi kitabxanasının “Xidmət və abonoment” şöbəsinin müdiri D.Ş.Yaqubova elmi seminarın məhz onların müəssisəsində təşkil edildiyinə görə Şəki REM-in rəhbərliyinə təşəkkürünü çatdırıb və tədbirin işinə uğurlar arzu edib.

Sonra “Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri İ. Ə. Yusifova yaradılmış münbit şəraitə görə Şəki MKS-nin rəhbərliyinə dərin təşəkkürünü bildirib və  “Şuşa ədəbi məclisləri: funksiyalar və qarşılıqlı əlaqələr” mövzusunda məruzə ilə çıxış edib. O həmin dövrün ədəbi mühiti, ədəbi məclisləri, musiqi məclisləri, xanəndələr məclisləri, həmçinin yeni tipli üsuli-cədid məktəbləri, dərsliklərin tərtibi haqqında məlumat verib.

Daha sonra AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Folklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Kamil Adışirinov “Mir Möhsün Nəvvabın ədəbi və elmi fəaliyyəti” ilə bağlı maraqlı məruzə ilə çıxış edib. O Mir Möhsün Nəvvabın rəhbərlik etdiyi “Məclisi- FəramuşanXamuşan” ədəbi məclisinin ideya və istiqamətləri, qəzəl ədəbiyyatı, mərsiyyə ədəbiyyatı haqqında məlumat vermiş, həmçinin Mir Möhsün Nəvvabın təzkirəçi, pedaqoq, uzaqgörən, coğrafiyaçı alim olduğunu vurğulamışdır.

Sonra AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Folklorşünaslıq və el sənətləri” şöbəsinin elmi işçisi Təranə Abdullayeva “Abdulla bəy Asinin həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib. O çıxışında “Məclisi-Fəramuşan”ın üzvlərindən biri olan Abdulla bəy Asinin Şuşada anadan olması, ilk təhsilini mədrəsədə alması, Qasım bəy Zakirin nəvəsi olması, Nizami və Füzuli ənənələrinin davamçısı olması, həmçinin onun ədəbi irsi, lirikası, sadə və aydın dili və yaradıcılığında bədii təsvir və ifadə vasitələrindən geniş istifadəsi haqqında məlumat verib.

Daha sonra Şəki Regional Elmi Mərkəzinin “Folklorşünaslıq və el sənətləri” şöbəsinin kiçik elmi işçisi Tural Adışirinov “Natəvan və Kəminə yaradıcılıq əlaqələri” mövzusunda məruzə ilə çıxış etmişdir. O həmin dövrün üç möhtərəm şairəsi – Aşiq Pəri, Natəvan, Fatma xanım Kəminə haqqında məlumat vermiş, həmçinin Fatma xanım Kəminənin iki ədəbi məclisdə fəal iştirak etməsini, onların həyat və yaradıcılığını, xüsusilə də qəzəl yaradıcılığını vurğulamışdır.

Yekunda AMEA-nın  Şəki Regional Elmi Mərkəzinin elmi katibi Elşən Abdurahmanov MKS-nin İ.S.Nakam adına mərkəzi kitabxanasının rəhbərliyinə və iştirak edən  qonaqlara öz dərin təşəkkürünü bildirmiş və bu ədəbi məclislərin görkəmli bir nəsil yetişdirdiyini qeyd etmişdir.

Məruzələr seminar iştirakçıları tərəfindən maraqla dinlənilib və mövzular ətrafında maraqlı müzakirələr aparılıb.