31 mart 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Azərbaycanlıların soyqırımı günü”nün 105-ci ildönümü münasibətilə tədbir keçirilib
Mart 31, 2023 | 12:00

31 mart 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Azərbaycanlıların soyqırımı günü”nün 105-ci ildönümü münasibətilə tədbir keçirilib. İlk öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri Şəki REM-in elmi işlər üzrə direktor müavini biol.ü.f.d. Fərhad Əzizov açaraq qeyd edib ki, erməni-daşnak silahlı birləşmələri 31 mart 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində azərbaycanlılara qarşı amansız soyqırım aktı törədiblər. O bildirib ki, erməni xislətini ortaya qoyan, onların separatçı niyyətlərini bəyan edən bu soyqırım daşnakların regionda təkmillətli dövlət yaratmaq cəhdi idi. “Mart qırğınları” adı ilə dövri mətbuatda qeydə alınan bu misli görünməmiş hadisə 31 mart tarixinin yaddaşlarda əbədi yaşamasına səbəb olub. Natiqin çıxışında mart hadisələrinin daim yaddaşlarda saxlanılmasının, bu bərədə məlumatların və ondan alınan ibrətlərin gənc nəslə ötürülməsinin vacibliyi ifadə olunub.

Sonra  Şəki REM-in “Tarixi irs və etnoqrafiya” şöbəsinin rəhbəri Rahim Həsənov 1918-ci ildə Azərbaycanda ictimai-siyasi, tarixi proseslər haqqında məlumat verib, 31 mart azərbaycanlıların soyqırımı ilə bağlı Avropa arxivlərinə əsaslanan faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb. “44 günlük” müharibədə əldə edilmiş şanlı qələbəmizə rəğmən erməni siyasətçilərinin mənfur niyyətlərindən, öz ərazi iddialarından hələ də əl çəkmədikləri vurğulanıb.

Daha sonra “Landşaftşünaslıq” şöbəsinin rəhbəri geo.min.ü.f.d. Hüseyn Mustafabəyli Azərbaycana məxsus yer və küçə adlarının erməniləşdirilməsi, “Ekoloji coğrafiya” şöbəsinin rəhbəri Yusif Rəhimov ermənilərin törətdiyi ekoloji genosid və “Tarixi irs və etnoqrafiya” şöbəsinin əməkdaşı Habil Xəlilov milli-mənəvi dəyərlərimizə qarşı yönələn erməni təxribatları barədə faktlara əsaslanan məlumatlarını tədbir iştirakçılarına çatdırıblar.

Tədbirin sonunda soyqırım qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhlarına dualar oxunub.